Nazirlik: "Kürdə suyun səviyyəsi kəskin artacaq"
18 May 2010 Çərşənbə Axşamı 16:30
Bu, mayın 24-dək gözlənilən leysan xarakterli intensiv yağışlarla əlaqədardır.
Hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bu, ongünlük normanın 120-344, Balakən-Şəki bölgəsinin çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 132-203%-ni təşkil edir. Lənkəran-Astara bölgəsinin çaylarında isə sululuq normadan aşağıdır (120-145%).

Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım ongünlük normanın 106 %-i olmaqla 760 m3/san, Qanıx çayından Mingəçevir su anbarına axım isə ongünlük normanın 113%-i olmaqla 230 m3/san təşkil edir.

Son günlər Türkiyə ərazisində Araz çayının hövzəsinə yağan leysan yağışları nəticəsində Araz çayının Qıvraq məntəqəsində mayın 11-dən 17-dək suyun səviyyəsi 42 sm, su sərfi isə 549 m3/s-dən 777 m3/s-dək artmış, eyni zamanda Araza sağ və sol qollardan tökülən çaylarda sululuğun artması nəticəsində Araz çayının Qızılvəng məntəqəsində səviyyə 30, Novruzlu məntəqəsində isə 49 sm artıb. Bununla əlaqədar Kür çayının aşağı axınında səviyyələrdə artım qeydə alınıb. Belə ki, mayın 18-də Kür çayının Zərdab məntəqəsində səviyyə 6 sm azalıb, Surrada 4, Bankədə 7, Şirvanda 11, Salyanda 16, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm artıb.

Hazırda Kür çayının Zərdab məntəqəsində səviyyə 766 sm, su sərfi 886 m3/s, Surrada səviyyə 930 sm, su sərfi 1830 m3/s, Salyanda 849 sm, su sərfi 1845 m3/s, Şirvanda səviyyə 848 sm, Bankədə 502 sm, Araz çayının Novruzlu məntəqəsində isə səviyyə 706 sm, su sərfi 724 m3/s təşkil edir.

Mayın 24-dək ölkə ərazisində və qonşu ölkələrdə Kür, Araz və Qanıx çaylarının hövzələrində gözlənilən leysan xarakterli intensiv yağışlarla əlaqədar, eyni zamanda, qeyd olunan çaylara tökülən qollarda sululuğun kəskin artması nəticəsində, Kür çayının aşağı axınında səviyyənin daha da kəskin artacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar