Nazirlər Kabineti qızıl və gümüş medalların təsvirini təsdiqləyib
15 Aprel 2011 Cümə 16:48
Nazirlər Kabineti qızıl və gümüş medalların təsvirini təsdiqləyib
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti təhsildə xüsusi nailiyyətlərə görə veriləcək qızıl və gümüş medalların təsvirini təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanacaq. Medalların üz tərəfində Azərbaycanın gerbi, gerbdən yuxarıda "Azərbaycan Respublikası" sözləri simmetrik yerləşdirilməklə həkk olunacaq. Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində “Təhsildə xüsusi nailiyyətlərə görə” sözləri həkk ediləcək. Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunacaq.
Bürünc metaldan hazırlanmış medalların səthinə qızıl və gümüş suyu çəkiləcək və qırmızı rəngli plastik qutulara qablaşdırılacaq.
DOSTLARINLA PAYLAŞ: