Nazir: “Salyan Olimpiya Kompleksi su altında qala bilər”
11 May 2010 Çərşənbə Axşamı 14:25
Nazir Kürün suyunun artacağı təqdirdə bu amili istisna etməyib.
Salyandakı Olimpiya Kompleksi su altında qalmaq təhlükəsi ilə üzləşib. Bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, leysan yağışları və daşqınlar nəticəsində Azərbaycanın bir sıra regionlarında təkcə yaşayış evlərini deyil, həm də ayrı-ayrı ictimai obyektlərin su altında qalmaq təhlükəsi yaranıb. Onların arasında regional Olimpiya kompleksləri də var.

Nazir deyib ki, bu gün yalnız Salyandakı Olimpiya kompleksinin su altında qalması üçün real təhlükə mövcuddur. Azad Rəhimov bildirib ki, hələlik Kür çayının suyu Olimpiya komleksinin binasına çatmayıb. Lakin əgər suyun səviyyəsi əvvəlki kimi qalxmaqda davam edərsə, kompleksin zirzəmisini su basacağı ilə bağlı real təhlükə var.

Xatırladaq ki, Salyan Olimpiya İdman Kompleksinin təntənəli açılışı 2008-ci il sentyabrın 7-də olub. Müxtəlif idman qurğuları ilə təchiz olunmuş və müasir tələblərə cavab verən idman kompleksində basketbol, voleybol meydançaları inşa olunub. Burada 2 min nəfər oturacaq yeri olan böyük futbol stadionu, 264 yerlik mini futbol meydançası və tennis kortu tikilib. Müasir üzgüçülük hovuzu, boks, güləş və əl oyunları zalları da vardır. Əl oyunları zalında yüngül atletikanın bütün növləri, o cümlədən akrobatika və bədii gimnastika ilə məşğul olmaq üçün hər cür şərait yaradılııb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar