Əbülfəz Qarayev Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
Mədəniyyət və turizm naziri Ağsu şəhərində vətəndaşları qəbul edib. ANS PRESS-in Nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu gün nazir Əbülfəs Qarayev Ağsu şəhərindəki Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarından vətəndaşları qəbul edib. Nazirliyin
[email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147), eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə çatdırıblar.
Müraciətlərin əksəriyyəti sözügedən rayonlardakı mədəniyyət ocaqlarının fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı olub. Orta əsr Ağsu şəhər yerinin qoruq elan edilməsi, Şamaxı rayonunun Kələxana kəndində türbələrin, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən kurqanların təmir-bərpası, Qobustan rayonunda xalçaçılıq sexinin açılmasına yardım göstərilməsi kimi məsələlər qaldırılıb. Bölgədəki mədəniyyət müəssisələrində ixtisaslı kadrların çatışmadığı, musiqi məktəblərində yeni şöbələrin açılmasının zərurəti də diqqətə çatdırılıb. Turizmlə bağlı təşəbbüslər - Qəbələ şəhərində turizm informasiya mərkəzinin yaradılması, Şamaxı şəhərində suvenir dükanının açılması, Oğuz rayonu Xalxal kəndində turizm rekreasiya zonasının təşkili və digər təkliflər də səsləndirilib.
Vətəndaşların belə əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdirlə qarşılayan Əbülfəs Qarayev bütün xahiş, təklif və təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini deyib.
Nazir mətbuata açıqlamasında bildirib ki, tarixi abidələrin bərpası ilə bağlı məsələ hər zaman prioritetdir. Qeyd edilib ki, Azərbaycanın bu bölgəsi tarixi abidələrlə zəngindir. Onların bir qismi təmir-bərpa olunsa da, digərlərinin də restavrasiyaya ehtiyacı var və bu istiqamətində müvafiq dövlət proqramına əsasən işlər görüləcək.
Əbülfəs Qarayev ikinci prioritet məsələnin regionda turizm infrastrukturunun genişləndirilməsi ilə bağlı olduğunu deyib: "Bildiyiniz kimi, bu bölgə ölkənin mühüm turizm marşrutu üzərində yerləşir. Bu baxımdan turizm inkişafı ilə bağlı səsləndirilən təkliflər aktualdır. Turizm informasiya mərkəzlərini yaradılması, daha çox turist cəlb edən tarixi abidələrin bərpası diqqət mərkəzindədir".
Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə köməklik göstəriləcəyini bildirib.