Nazim Məmmədovun obyektinə basqın oldu
16 May 2014 Cümə 22:03
Milli Məclisin sabiq üzvü Nazim Məmmədov ANS PRESS-ə hadisənin baş verdiyini təsdiq etdi.
Sabiq deputat Nazim Məmmədovun obyektinə basqın olub.
“Qanuni fəaliyyətini bərpa etmiş “Atahan Dəmir Sənaye” MMC-yə bu gün saat 12:00-də yenə də “qoçu dəstəsi”nin hücumu olub”.
ANS PRESS-in məlumatına görə, bu məlumatı özünün Facebook səhifəsində həmin MMC-nin həmtəsisçilərindən biri olan sabiq deputat Nazim Məmmədov paylaşıb.
N.Məmmədov bildirib ki, Binəqədi Mühafizə Polisinin, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının hadisə yerində olmasına baxmayaraq DİN-in mayor, polkovnik rütbəli zabitləri və əlavə 20 nəfər polis nəfəri “reket dəstəsi”nin Fariz, Çingiz, Vüqar adlı üzvlərinin qabağında aciz qalıb: “Biz təbii ki, rəsmi ərizələrlə müraciət etdik. Buradan çoxhörmətli daxili işlər naziri Ramil Usubova səslənirəm: xahiş edirəm ki, polislərin qorunması üçün tədbir görün!
Əlavə olaraq onu da qeyd edim ki, 20 nəfər polisin yanında mənim telefonum da əlimdən alındı ki, heç yerə zəng etməyim”.
Milli Məclisin sabiq üzvü ANS PRESS-ə telefonla hadisənin baş verdiyini təsdiq etdi və vurğuladı ki, olay haqda həftənin 1-ci günü jurnalistlər üçün mətbuat konfransı keçiriləcək və orada baş verən insidentin digər detalları açıqlanacaq.
DOSTLARINLA PAYLAŞ: