Naxçıvandakı hərbi hissənin döyüş hazırlığı
17 Aprel 2014 Cümə Axşamı 14:52
General-mayor Şahin Məmmədov qoşunların Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində olub.
"Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsinin döyüş hazırlığı yüksək səviyyədədir". ANS PRESS-in məlumatına görə, bunu daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov qoşunların Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində olarkən söyləyib.

Hərbi hissənin komandiri bölmələrin və xidmətlərin qarşıya qoyulmuş vəzifələrin icrasına hazırlığı, təlim-tədrisin vəziyyəti, şəxsi heyətin hərbi intizamı və mənəvi-psixoloji durumu barədə məruzə edib.

Daxili Qoşunların komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olub, təlim-tədris yerlərinə, əsgər yataqxanalarına baxış keçirib, tibb məntəqəsində olan şəxsi heyətin səhhəti ilə də maraqlanıb.

Sonra general-mayor Ş.Məmmədov xüsusi-taktiki təlimi izləyib. Təlim zamanı yüksək mənəvi və döyüş keyfiyyətlərinə malik olan hərbi qulluqçuların silah və döyüş texnikasından məharətlə istifadə etdiklərini nəzərə çatdıran Daxili Qoşunların komandanı ümumilikdə hərbi hissənin döyüş hazırlığını yüksək qiymətləndirib.

Ötən illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işləri yüksək qiymətləndirən Daxili Qoşunların komandanı xüsusi olaraq vurğulayıb ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi hərtərəfli diqqət və qayğısının bariz nümunəsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar