Naxçıvanda 1 və 2 yaşlı körpələr üzərində açıq ürək əməliyyatı aparılıb
09 May 2011 Bazar Ertəsi 12:16
Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzinin 35 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadası mayın 3-dən Naxçıvan şəhərində növbəti humanitar aksiyaya start verib.
 Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Naxçıvan Müalicə Diaqnostika Mərkəzində (MDM) təşkil olunan aksiya çərçivəsində mayın 3-dən 11-dək ürək xəstəliyindən əziyyət çəkən 20 Naxçıvan sakini üzərində açıq ürək əməliyyatları aparılması nəzərdə tutulub.

ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 9-dək artıq 15 xəstə üzərində uğurlu əməliyyat aparılıb. Onların arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar, o cümlədən 1 və 2 yaşlı körpələr də var.

Aksiya çərçivəsində mayın 8-də Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti, ARDNŞ-in Sosial İnkişaf İdarəsi və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş «Ürək xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi» mövzusunda elmi konfrans da keçirilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar