Naxçıvana benzin daşıyan maşınların sahibləri etiraz edir
20 İyun 2011 Bazar Ertəsi 16:33
Nazirlər Kabinetinin qarşısında aksiya keçirilib. Naxçıvana benzin daşıyan maşınların sahibləri etiraz edir.
Bu gün yanacaq daşıyan 100-dən artıq maşının sürücüsü Nazirlər Kabinetinin qarşısına toplaşıb. Aksiyanın səbəbi Naxçıvana gedən yanacaqdolduran maşınların Biləsuvarda sərhəddən buraxılmamasıdır. “20 gündür ki, bizi Biləsuvardan buraxmırlar. Qalmışıq ac-susuz orada. Biz yanacaq daşıdığımıza görə, rayonlarda əkin-bikin qalıb böyrü üstə. Ermənistan yolları ordan bağlayıb, bunlar da buradan”, - deyə İlqar İmanov şikayətlənib.
I Qarabağ müharibəsindən bu yana blokada şəraitində yaşayan naxçıvanlıların yanacağını təmin etməyin yalnız bir yolu var - Bakı-İran-Naxçıvan marşrutu istiqamətində daşınma. Məhz 21 ildir ki, Naxçıvanda istifadə olunan yanacaq bu marşrutla 800 kilometr yolu qət edəndən sonra onların istifadəsinə verilir. Bakıdan yanacaq dolu maşın gəlirsə, deməli Naxçıvanda maşın da gedəcək, kəndlilərin işi də.
Nazirlər Kabineti qarşısında etirazlarını bildirən sürücülərin sözlərinə görə, indi yanacaqla dolu 25 tonluq maşınların hamısı Biləsuvar sərhəd məntəqəsində qalıb. Maşın karvanının 20 gün ərzində yayın istisində qalaraq qızması sürücülərin bu işdən götürə biləcəkləri gəlirin yavaş-yavaş külə dönməsi deməkdir. Odur ki, indi onlar bu işdən götürəcəkləri xeyrin miqdarını deyil, ziyanını hesablayırlar. Çünki 200 manat xeyir götürəcəkləri iş 20 günün içində ciblərinə 500 manata yaxın ziyan vurub.
Sürücülər baş verənlərin səbəbini öyrənmək üçün bütün qurumlara müraciət edib. Tutarlı cavab almayınca, paytaxta üz tutub, etirazlarını bu yolla bildirməyi qərarlaşdırıblar.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov qurum tərəfindən sürücülərə heç bir problem yaradılmadığını bildirib. Onun sözlərinə görə, müraciət Gömrük Komitəsinə ünvanlanmalıdır. Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə öz növbəsində problemin səbəblərini araşdıracağını qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: