Müvafiq qurumlar gücləndirilmiş iş rejimində çalışacaq
30 Dekabr 2009 Çərşənbə 17:30
Müvafiq qurumlar gücləndirilmiş iş rejimində çalışacaq. Yeni ildə insanların sağlamlığına dövlət strukturları cavabdeh olacaq.
Yeni il ərəfəsində ictimai asayiş və insanların sağlamlığına cavabdeh olan bir sıra dövlət strukturları gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında 135 təcili tibbi yardım maşını və 135 həkim briqadası iş başında olacaq.
Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev bildirib ki, ümumi günlərdə oldduğu kimi təcili yardım bayram günlərində də çalışacaq. Onun sözlərinə görə, sadəcə özünü pis hiss edənlər “103” xidmətinə müraciət etsinlər.
Baş həkimin müavini eyni zamanda bayram günlərində zəhərlənmə hallarından sığortalanmaq üçün şəhər əhlinə boyat yeməklərdən, salatlardan istifadə etməməyi tövsiyə edir. Çünkü zəhərlənmə halları ən çox məhz bu qidalardan yaranır. R. Nağıyev spirtli içkilərdən də uzaq olmağı məsələhət bilib.
Dünya Azərbaybaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar paytaxt polisi də yanvarın 3-dək gücləndirilmiş iş rejimində işləyəcək. Polis əməkdaşları əhalinin sıx olduğu ərazilərdə, o cümlədən metrolarda, şadlıq evlərində təhlükəsizliyi təmin edəcəklər. Bayram günlərində paytaxtın prospekt və magistral yollarında təhlükəsizliyə isə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cavabdehlik daşıyacaq.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətidə gücləndirilmiş iş rejiminə dekabrın 31-dən start veriləcək və bu vəziyyət yanvarın 5-dək davam edəcək.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Aqşin Kazımov bayram ərəfəsi və bayram günlərində əhalini diqqətli olmağa çağırıb.
Onun sözlərinə görə, son zamanlar baş verən yanğınların təhlili göstərib ki, soyuq günlərdə baş verən analoji hadisələrin əsas səbəbi mənzillərdə standarta uyğun olmayan, yaxud nasaz qızdırıcı elektrik, qaz cihazlarından istifadə edilməsidir. Bütün bunları nəzərə alaraq rəis müavini bu tipli cihazlardan istifadə etməməyi tövsiyə edir. Aqşin Kazımov eyni zamanda fişənglərdən də ehtiyatla istifadə etməyə çağırıb.
Yanğından sığortalanmaq üçün əsas şərtlərdən biri də yanma ehtimalı böyük olan eləcə də yanıq qoxusu verən naqili vaxtında elektrikdən ayırmaqdır. Bir sözlə ehtiyatı əldən verməyin ki, başınız da salamat olsun. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: