Müştəriləri aldadan turizm şirkətlərini nə gözləyir?
05 İyun 2012 Çərşənbə Axşamı 02:44
Dördulduzlu mehmanxana vədinə aldanıb, üçulduzlu otel görürüksə hansı addımı atmalıyıq?
Yay turizm mövsümünün başlaması ilə bu sektorun inkişaf etdiyi ölkələr müvafiq fəaliyyət sahələrini daha da gücləndirirlər. Turizm sektorunda əsas təmsilçilərdən biri də turizm şirkətləridir. Mövsüm ərəfəsində turizm firmaları müxtəlif kampaniyalar həyata keçirir. Bu istiqamətdə reklam kampaniyaları çərçivəsində müştərilərə aşağı qiymətlər təklif olunur. Müxtəlif ölkələrə səfərlər üçün yerlər bronlaşdırılır ki, bəzi hallarda müştərilər turizm şirkətləri tərəfindən qiymətlərin süni şəkildə aşağı salınması ilə (dempinq) üzləşirlər. Ümumiyyətlə, bu gün bir sıra turizm ölkələrində müştərilərin aldadılması halları baş verir ki, bu da əsasən, dempinq, ya da firmanın lisenziyasız fəaliyyəti nəticəsində yaranır.
Qeyd edək ki, Azərbaycanda yay turizm mövsümü iyunun 15-də açılır. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, mövsümün yaxınlaşması ilə bağlı mayın sonu, iyunun əvvəllərində bütün turizm obyektlərində yoxlamalar aparılması nəzərdə tutulur. Yoxlamalar nəticəsində xidmət səviyyəsinin aşağı olduğu və lisenziyasız fəaliyyət göstərən turizm obyektləri aşkarlanarsa, fəaliyyəti dayandırılır.
Bəzi şirkətlər müştəriləri aşağı qiymətlərlə cəlb etməyə çalışır
Turizm şirkətləri tərəfindən qiymətlərin süni şəkildə aşağı salınmasının müştərilərin qarşılaşdığı daimi problemlərdən olduğunu deyən Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, hər il bu problemlə üzləşməli olurlar.
N.Bağırov deyir ki, bəzi şirkətlər xüsusilə Türkiyədə istirahət etmək istəyənləri maksimum aşağı qiymətlərlə cəlb etməyə çalışır: "Bundan isə daha çox kiçik şirkətlər istifadə edir ki, nəticədə turistlər səfərə gedən zaman vəd ediləndən aşağı keyfiyyətli xidmətlə qarşılaşırlar".
Bununla bağlı müştərilər tərəfindən müxtəlif şikayətlərin daxil olduğunu deyən N.Bağırovun sözlərinə görə, assosiasiya belə halların qarşısını almağa çalışır. Belə ki, bir müddət əvvəl turizm şirkətlərindən biri tövsiyyələrə əməl etmədiyi və bu istiqamətdə fəaliyyətini davam etdirdiyi üçün lisenziyası əlindən alınıb: “Belə halların qarşısının alınması məqsədilə assosiasiya mütəxəssisləri mövsümün əvvəlindən sonuna qədər turizm bazarında monitorinqlər keçirirlər, vətəndaşlar tərəfindən edilən şikayətlər araşdırılır və onları aldadan şirkətlərə qarşı lazımi ölçü götürülür”.
Onun sözlərinə görə, hər bir şirkət müştərilərinə qiymətlərdə endirim edə bilər. Amma onlar bunu bazarın tələblərinə uyğun və vətəndaşların hüquqlarını tanımaqla etməlidirlər. Həmsöhbətimiz onu da vurğuladı ki, hər il olduğu kimi bu il də assosiasiya dempinqlə bağlı faktların hamısını araşdıracaq.
Müştərilər kimə müraciət etsinlər?
Beynəlxalq turizm təşkilatlarından birinin rəhbəri Ruslan Quliyev bildirdi ki, 1999-cu ildə qəbul olunan "Turizm haqqında" Qanunda da bu istiqamətdə müddəalar öz əksini tapıb. Yeni qanun layihəsində də istehlakçı hüquqlarının qorunması ilə bağlı müddəalar var ki, bu da onların sığortaları, müqavilə öhdəliklərinin həyata keçirilməsi və s. ilə bağlıdır: “Müştərilər ilk olaraq lisenziyası olan turizm şirkətlərinə müraciət etməlidirlər. Bilavasitə həmin şirkətlərin lisenziyasının olmasını tələb etmək onların haqqıdır. Həmçinin şirkətlər aldadıcı reklamlar təqdim edirlər. Müştəri isə getdiyi ölkədə bunun real olmadığını görür”.
R.Quliyev deyir ki, sifariş müqavilələri mütləq bağlanmalıdır, burada nəqliyyatın növü, otelin kateqoriyası, yemək sistemi və əlavə xidmətlər haqqında məlumat olmalıdır:
“Yəni bunlar ətraflı şəkildə turistə izah olunmalıdır ki, sonra problem yarananda bir-birinə qarşılıqlı iddia ilə çıxış etməsinlər. Təbii ki, qarşı tərəfin iflas olması məsələsi ola bilər, yaxud həmin ölkədə siyasi kursun dəyişməsi, təbii fəlakət və s. kimi hallar da yaşana bilər. Bu kimi vəziyyətlər də sifariş müqaviləsində öz əksini tapmalıdır. Əgər turist heç bir müqavilə bağlamayıbsa, bütün məsələlər sözdə həll olunubsa, bu çox çətin bir məsələdir. Turist dördulduzlu mehmanxana vədinə aldanıb, gedib üçulduzlu otel görürsə, bu, böyük bir problemdir və burada bütün hallarda araşdırma aparılmalıdır. Əgər təminat müqavilə şərtlərində öz əksini tapıbsa, deməli, hüquqi qurumlara müraciət edib bu problemin həlli istiqamətində tədbirlər görmək olar”.
Başqa ölkələrdə turizm şirkətlərinin müştərilərini aldatmasına gəldikdə isə vurğulandı ki, son belə hallardan biri kimi Rusiyanın məşhur turizm şirkətlərinin öz müştərilərini yollarda qoyması və aviaşirkətlərin onların müştərilərini daşımaqdan imtina etməsini göstərmək olar. Təbii ki, burada əziyyət çəkən turistlər oldular. Dünya təcrübəsində belə hallar əsasən çarter reysləri, aviadaşımalarda, yay mövsümündə müşahidə olunur ki, bəzən nəticədə şirkətlər müflisləşir, öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmur.
R.Quliyev bildirdi ki, burada aldatma halı şirkətin iradəsindən asılı olmayaraq da baş verə bilər: “Əgər qarşı tərəf öhdəliyi yerinə yetirmirsə, göndərən şirkətin heç bir günahı yoxdur. İstənilən halda müştəri ilk növbədə məhkəməyə müraciət edə bilər. Əgər müqavilə yoxdursa, bu, qanun pozuntusu sayılır. Digər halda iddiadan asılı olaraq cərimələr ola bilər. Azərbaycanda da belə hallar olub, araşdırılıb. Əgər rəqabət varsa, belə hallar da olur. Bu hadisələrin hamısı işə qeyri-peşəkar yanaşmadan irəli gəlir”.
İstehlakçıları aldatma ilə bağlı cəzalar sərtləşdirilib
Turizm firmalarının xidmət istehsal edən müəssisələr olduğunu deyən hüquqşünas Abil Bayramov bildirdi ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi müxtəlif təminatlar nəzərdə tutur: "2012-ci ilin mart ayında həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Dəyişikliyin mahiyyəti məhz istehlakçıları aldatmaya görə məsuliyyətin gücləndirilməsinə yönəlib".
Bildirildi ki, İnzibati Xətalar Məcəlləsinə edilən müvafiq dəyişikliyə görə, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati xəta tərkibi yaratmaqla istehlakçıların hüquqlarının pozulması kimi dəyərləndirilir. Bu cür hərəkətlərə yol verən vəzifəli şəxslərə 1500 manatdan 2 min manatadək, hüquqi şəxslərə isə 4 min manatdan 5 min manatadək inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə nəinki malın xidməti ölçüsü, çəkisi hesabına istehlak xüsusiyyətləri, hətta keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir. Həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3 min manat miqdarında cərimə sanksiyası tətbiq edilir.
Hüquqşünasın sözlərinə görə, Cinayət Məcəlləsində müvafiq dəyilşikliklərə görə, 200-cü maddənin sanksiyası kifayət qədər sərtləşdirilib. Belə ki, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın xidməti ölçüsü, çəkisi hesabına və istehlak xüsusiyyətləri və keyfiyyətinə dair istehlakçını xeyli miqdarda - 40 manatdan 500 manatadək - aldatma 3 mindən 5 min manatadək cərimə, yaxud 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır. Təkrar törədilərsə, yaxud 500 manatdan yuxarı ziyan vurmaqla törədilərsə, 5 mindən 7 min manatadək cərimə, yaxud 2 ilədək müddətə vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cəzalandırılır. Bütün bunların turizm firmalarına da şamil edildiyini deyən A.Bayramov müştərilərin hələ ki, belə problemlə ona müraciət etmədiklərini bildirdi.
DOSTLARINLA PAYLAŞ: