Murad Dadaşova 40, Kamal Cenkə 50 min dollar vermişəm
11 Avqust 2009 Çərşənbə Axşamı 16:50
Elbrus Əliyev: “Murad Dadaşova 40, Kamal Cenkə 50 min dollar vermişəm. İcra hakimiyyəti başçılarına da rüşvət vermişəm”

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC tikinti şirkətinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər. Məhkəmə qarşısında ifadə verən zərərçəkənlərin hamısı “GEN” MMC tikinti şirkəti barədə televiziya kanalları vasitəsi ilə məlumat əldə etdiklərini və ondan sonra şirkətdən ev almağa qərar verdiklərini qeyd ediblər.

Zərərçəkənlərin ittihamlarına cavab verən şirkətin rəhbəri Elbrus Əliyev ölkədə fəaliyyət göstərən televiziya kanallarında müqaviləsiz reklamlar yayımlandığını deyib: “Rəhbəri olduğum tikinti şirkətini “Maşın” realiti-şousunda reklam etdirmişəm. Bunun üçün layihənin rəhbəri Murad Dadaşova qardaşı Fərid Dadaşov vasitəsi ilə müqaviləsiz 40 min ABŞ dolları vermişəm. Bundan başqa, “Azəri-Star” musiqi yarışmasının təşkilatçılarından biri olan Kamal Cenkə isə 50 min dollar vermişəm”.

Şirkətin reklamı üçün bir çox televiziya kanalına müqaviləsiz qaydada xeyli miqdarda pul verdiyini vurğulayan E. Əliyev Bakının bir neçə rayonunun icra başçılarına da rüşvət verdiyini məhkəmədə elan edib.

Proses davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.

Cinayət işi üzrə 10 şəxs təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar