Müharibə veteranlarına 500 manat veriləcək
03 May 2011 Çərşənbə Axşamı 21:18
Prezident 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş döyüşçülərin dul arvadlarına birbəfəlik yardımların edilməsi ilə bağlı sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Böyük Vətən müharibəsində Qələbənin 66-cı ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,7 milyon manat məbləğində vəsait ayrılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: