Muğannanın səhhəti qəflətən pisləşib
12 Aprel 2011 Çərşənbə Axşamı 06:13
83 yaşlı Xalq yazıçısı hələ yaşamaq istədiyini deyir
Müasir Azərbaycan ədəbiyyatının klassiki sayılan, bir-birindən dərin, maraqlı əsərləri ilə nəsrimizi işıqlandıran, “İdeal” kimi nəhəng tarixi-fəlsəfi romanı ilə böyük dönüş yaradan hamının İsa Muğanna kimi tanıdığı xalq yazıçısının səhhətində problemlər yaranıb. Ürək çatışmazlığından əziyyət çəkən yazıçı bundan öncə də müalicə alıb. Amma yazıçı buna baxmayaraq bizimlə görüşmək təklifini qəbul elədi: “İndi babatam. Dünən pristup olub. Çox ağır keçdi. Səhərə qədər elə dərman, iynə səhərə yaxın yuxu tutdu məni. Bir balaca yaxşılaşdım. Ürək çatışmazlığı xəstəlikdir də qocalıqdır. Vaqifin ya da Vidadinin sözü var qoacılq əl verib daha nə şişmək. Amma yaşamaq istəyirəm. Mənim yaşım 83-dür. Bu zarafat, məsxərə deyil. Bu yaşda artıq yığışırlar dünyanı dəyişməyə. Amma mən özümü yaxşı hiss edirəm. Xəstəliyin ağırlığına baxmayraqa özümü yaxşı hiss edirəm. Bu da mənim başqa planetlərlə əlaqədar olduğum üçün əlaqədardır”.
“Məşhər”, “Ölüm dirim”, “Cəhənnəm”, “Gürün”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Bizim qızlar”, “Dan ulduzu” və başqa bu kimi roman və pyeslərin müəllifi olan İsa Hüseynov yaşının 83-cü ilində də boş oturmur. Yeni əsərlər, romanlar yazır: “Bu yaxınlarda “Qırx kisə qızıl” adlı bir əsər qurtardım və verdim “Azərbaycan” jurnalına. Göyçə mahalının köçürülməsinə aid. Və Aşıq Qərib dastanından ora əlavə etmişəm. Məndə Qazaxda bir türfə var. Həmin əsəri də bitirmişəm. Azərbaycanda çapı mümkün deyil. Çünki çox qlobal məsələlərə toxunmuşam. Peyğəmbərin bioqrafiyasının əslini yazmışam. Peyğəmbərin hansı elmə xidmət etdiyini açıb yazmışam. Ancaq Türkiyənin bəzi demokratik çap evlərində çap etdirə bilərlər”.
Həyatının 70 ilini yaradıcılığa həsr edən İsa Muğanna milli kinomuzun inkişafında da özünəməxsus xidmətləri olub. “Nəsimi”, “Nizami”, “Ulduzlar sönmür”, “Tütək səsi” filmləri İsa Muğannanın ssenariləri əsasında lentə alınıb. Özünü ədəbiyyat üfüqlərində doğan bir günəş adlandıran İsa Muğannaya can sağlığı və yeni əsərlərinin tezliklə işıq üzü görməsini arzulayırıq.
DOSTLARINLA PAYLAŞ: