Müdafiə Sənayesi Nazirliyi - 5 il
17 Dekabr 2010 Cümə 13:10
Artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur
Tarixə nəzər salsaq görərik ki, hər bir ölkənin müstəqilliyinin qorunub- saxlanmasında əsas amillərdən biri həmin ölkədə güclü Hərbi Sənaye Kompleksinin yaradılması və inkişafından asılıdır. Bu, bütün dövrlərdə belə olub, bu gün də belədir.

Qədim yunan tarixi mənbələrinə istinadən söyləmək olar ki, zəngin tarixə, mədəniyyətə və təbii sərvətlərə malik olan respublikamızda hərbi təyinatlı məhsul istehsalının tarixi qədim dövrlərə qədər gedib çıxır. Hələ qədim dövrlərdə Azərbaycanda istehsal olunan xüsusi ipək saplardan, Xəzər dənizindən tutulan nərə balığından alınan yapışqanlardan yüksəkkeyfiyyətli və uzaqtəsirli ox və kamanların istehsalında istifadə edilirdi. Respublikamızın ərazisində çıxarılan neftdən isə yandırıcı və partladıcı döyüş vasitələri yaradılırdı.
Azərbaycan xalqı dünya hərbi-sənaye elminin, texnikasının və istehsalının yüksək səviyyəyə çatdırılmasında xüsusi əhəmiyyəti olan əksər yenilikçi işlərdə fəal iştirak etmişdir. Hazırda dünyanın bütün aparıcı dövlətlərinin yeni növ silahlar yaradarkən istifadə etməyə çalışdıqları maye partlayıcı maddələr sahəsində ilkin nəticələr məhz Azərbaycanda alınıb. Keçmiş SSRİ dövründə yaradılan ilk sovet raketləri üçün bərk, qatılaşdırılmış raket yanacaqları hələ 1932-ci ildə Bakıda qatılaşdırılmış benzin əsasında yaradılıb. Azərbaycanda raket yanacaqları yaratma sahəsində elmi-tədqiqat işləri son dövrlərə kimi davam etdirilib.
Böyük Vətən müharibəsi illərində Azərbaycanda döyüş sursatlarında istifadə olunan trotilinin istehsalında istifadə olunan toluolun alınması üçün texnologiya və qurğunun yaradılması və aviasiyada, tanklarda yanacağın donmasının qarşısını almaq üçün “aşqarlar”ın hazırlanması həmin dövrdə hərb elminin böyük yeniliklərindən sayılıb. Məhz bu yeniliklərə görə Azərbaycanın iki görkəmli alimi – Yusif Məmmədəliyev və Əli Quliyev 1-ci dərəcəli Stalin mükafatına layiq görülmüşlər.

1970-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafı respublikada Hərbi Sənaye Kompleksinin yaradılmasına da öz mənfi təsirini göstərmişdi. Həmin dövrdə Azərbaycanda böyük imkanların olmasına baxmayaraq, cəmi dörd hərbi təyinatlı müəssisə fəaliyyət göstərirdi. Fəaliyyət göstərən müəssisələrdə isə çox az sayda hərbi təyinatlı məhsul istehsal edilir, onların da son tamamlanma işləri respublikadan kənarda aparılırdı. Azərbaycanda yaradılmış hərbi-sənaye müəssisələrinin fəaliyyətində asılılığın yaradılması keçmiş sovet imperiyasının respublikamıza qarşı düşünülmüş şəkildə həyata keçirdiyi siyasət idi.

O dövrdə - 1969-cu ildə dahi şəxsiyyət, böyük insan, xalqımızın xilaskarı Heydər Əliyevin Azərbaycan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi seçilməsi respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, hərbi-sənaye sahəsinin də inkişafına təkan verdi. Məhz onun səyi nəticəsində SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı “Mikrosxematexnika” Xüsusi Konstruktor Bürosunun bazasında “Azon” zavodu, 1975-ci ildə isə Bakı şəhərində Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verildi.

Bütövlükdə 1970-1982-cı illərdə respublika ərazisində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı (hazırda Şirvan) və b. şəhərlərdə) onlarla müdafiə təyinatlı elmi və istehsal müəssisəsi yaradıldı.
Azərbaycanda olan demoqrafik artımı və mövcud elmi potensialı nəzərə alan Heydər Əliyev SSRİ-nin ağır maşınqayırma və Hərbi Sənaye Kompleksi müəssisələrinin respublikada yaradılması məsələsini Sov.İKP MK Siyasi Bürosu qarşısında qaldırır. Onun təklifləri və gərgin əməyi sayəsində Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin - Radiomaşınqayırma zavodunun (“Robot” zavodu), Tərtərdə Lionozov Elektromexanika zavodunun filialının və Elektron Hesablama Maşınları zavodunun “II növbəsi”nin tikintisi, elektron sənayesi üzrə dörd zavodun - Gəncədə “Büllur” zavodunun, Xaçmaz, Siyəzən və Lənkəranda isə “Kondensator” zavodlarının tikintisi, müdafiə sənayesi üzrə Azov Optika-Mexanika («Alov») zavodunun filialının yaradılması, Alunit zavodunun tikintisi, gəmiqayırma sənayesi üzrə Bakı Elektromexanika İnstitutunda yeni istehsal sahələri yaradılaraq, sonradan onun bazasında “Nord” EİB-nin yaradılması, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi və s. həyata keçirilmişdir.
Uzaqgörən siyasətçi Heydər Əliyev hələ 1979-cu ildə Bakı Aqreqat İstehsalat Birliyində (indiki “İqlim” EİM) seçicilərlə görüş keçirərkən Azərbaycanda aviasiya sənayesi üzrə müəssisələrin yaradılmasının vacibliyini qeyd etmiş və bu müəssisələrin respublikanın gələcək inkişafında böyük rol oynayacağını bildirmişdi.
Neftlə zəngin olan respublikamızda neftmaşınqayırma müəssisələrinin yaradılmasının zəruri olduğunu qabaqcadan görən Heydər Əliyev müharibə şəraitinə uyğun olaraq istehsal profilini dəyişmək imkanı nəzərdə tutulmaqla, yeni maşınqayırma müəssisələrinin tikilməsi və genişləndirilməsi barədə də öz təkliflərini vermişdir. Həmin dövrdə öz nüfuzundan istifadə edən Heydər Əliyev keçmiş SSRİ-nin rəhbər şəxslərini Bakıya dəvət edərək, Azərbaycanda Hərbi Sənaye Kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək “Ulduz” EİB, Əli Bayramlı “Araz” zavodu (indiki Şirvan “Araz”), “Rabitə” Elmi Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodların tikilib istismara verilməsinə nail olmuşdur.
Tarix bizə – azərbaycanlılara 1990-cı illərin əvvəllərində növbəti dəfə böyük bir sevinci – doğma Azərbaycanımızı müstəqil görmək sevincini yaşatdı. 70 ildən artıq müddətdə böyük bir imperiyanın əsarəti altında olan Azərbaycan yenidən öz azadlığına qovuşdu. Lakin bu azadlıq Azərbaycan tarixinə xalqımızın qəhrəman oğul və qızlarının qanı ilə yazıldı.

Hələ 1988-ci ildə, SSRİ-nin süquta doğru irəlilədiyi vaxtlarda xalqımız üçün yeni bir problem -20 ildən artıqdır ki, uğrunda mübarizə apardığımız, lakin hələ də öz həllini tapmamış Dağlıq Qarabağ problemi yaradıldı. Bu dəfə də mənfur qonşularımız olan ermənilər doğma torpaqlarımız olan, Azərbaycanın dilbər guşələrindən biri sayılan Dağlıq Qarabağın onlara məxsus olduğunu iddia etməyə başladılar. Ancaq heç kimə sirr deyildir ki, süni surətdə yaradılmış bu problem də sovet imperiyasının həyata keçirdiyi ermənipərəst siyasətin nətijəsi idi. O zamanlar imperiya tərəfindən həyata keçirilən siyasətin birtərəfli olması bu fikri səsləndirməyə əsas verir. Belə ki, Ermənistan tərəfinin Dağlıq Qarabağda başladığı elan olunmamış müharibədə erməni yaraqlıları ən müasir silahlarla silahlandırıldıqları halda, azərbaycanlılardan ov tüfəngləri belə yığıldı. Doğma torpaqlarının müdafiəsinə qalxmış azərbaycanlıları məqsədli şəkildə düşmən qarşısında əliyalın qoyan sovet imperiyası minlərlə soydaşımızın birbaşa “ölüm fərmanı”nı imzalamış oldu.

Lakin hər vəchlə xalqın əzmini qıra bilməyən sovet imperiyası yenidən, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə paytaxt Bakıda əliyalın, mülki əhalini gülləbaran edərək tarixə yeni bir qanlı səhifə yazdılar. Amalı yalnız doğma Azərbaycanını azad, müstəqil görmək olan soydaşlarımız imperiya ordusu tərəfindən amansızcasına qətlə yetirildi. Bu idi sovet imperiyasının Azərbaycana qarşı yönəltdiyi siyasət. Ancaq Azərbaycan xalqı o ağır günlərdə yenə də bir yumruq kimi birləşməyi bacardı.

İmperiyanın süqutundan sonra 15 respublikanın hər birində olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi sahədə tənəzzül başladı. Eyni dövrdə 20% ərazisinin işğal olunması, 1 milyondan artıq əhalisinin öz dədə-baba yurdlarından didərgin düşməsi müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün çətinliklər yaratdı. Lakin bu, çox çəkmədi. 1993-cu ildə xalq öz gələcəyini etibarlı əllərdə görmək üçün bir zamanlar Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Bununla da Azərbaycanın müstəqil inkişafının yeni, tarixi mərhələsi başladı.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı.

Keçmiş SSRİ-nin Hərbi Sənaye Kompleksi üçün fəaliyyət göstərən, indiki Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr SSRİ-nin dağılmasından sonra bir sıra ciddi problemlərlə rastlaşdılar. Belə ki, mövcud xammal və satış bazarının itirilməsi, qarşılıqlı əlaqələrin kəsilməsi, regionda qeyri-sabitlik və digər problemlər müəssisələrin tənəzzülə uğramasına səbəb olmuşdu. Əsasən müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə 1993-cu ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradıldı.

2003-cü ildə ordumuzun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə ümummilli lider tərəfindən “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edildi. Həmin tarixdən respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsinə qədəm qoyuldu.

Bu istiqamətdə aparılan məqsədyönlü siyasət Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Respublikamızın müharibə vəziyyətində olmasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən ölkə başçısının Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair imzaladığı 16 dekabr 2005-ci il tarixli Sərəncamı bunun bariz nümunəsidir.

Yaradılmasını zamanın tələbi kimi qiymətləndirdiyimiz Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi artıq demək olar ki, 5 ildir fəaliyyət göstərir.

Ötən müddət ərzində yeni yaradılmış Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu sahədə dönüş yaratmaq məqsədilə tabeliyinə verilmiş müəssisələrin fəaliyyətlərinin ilkin bərpa proqramları hazırlanmış, nazirlik üzrə önəmli sahələr müəyyən edilmiş, respublikanın müxtəlif qurumlarının müdafiə təyinatlı məmulatlara və maşınqayırma sənayesi məhsullarına olan tələbatı müəyyən edilmiş, zəruri sayılan xarici-iqtisadi əlaqələrin bərpa edilməsi və yeni əlaqələrin qurulması üçün müvafiq işlər aparılıb. Eləcə də, həmin dövrdə dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl firma və şirkətlərindən elmin və texniki tərəqqinin bütün imkanlarını özündə cəmləşdirən, onlarla mürəkkəb əməliyyatları həyata keçirən texnoloji avadanlıq, yüzlərlə müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılıb.

Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların və xalq təsərrüfatının maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələrinin istehsalını təmin etmək üçün nazirliyin müəssisələrində yeni istehsal sahələri yaradılmış və bu sahələr beynəlxalq standartlara cavab verən avadanlıq və texnologiyalarla təmin edilib.

Fəaliyyətə başladığı gündən ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə nazirlikdə yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı istiqamətində intensiv işlər aparılmış və müsbət nəticələr əldə edilib.

Nazirliyin bir neçə müəssisəsi əsaslı tikinti, yaxud yenidənqurmadan sonra istifadəyə verilmişdir: “İqlim” və “Dalğa” Elmi İstehsalat Müəssisələrinin, “Telemexanika”, “Peyk”, “Alov”, “Radioquraşdırma”, Elektron Hesablayıcı Maşınlar və Şirvan “Araz” zavodlarının, eləcə də Elmi-Tədqiqat İnstitutunun inzibati binasının və təcrübi istehsalat sahəsinin açılışı olmuşdur. İstifadəyə verilən müəssisələrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarla yeni istehsalat sahələri yaradılıb.

Hərbi-texniki əməkdaşlıq sahəsində də bir sıra mühüm işlər həyata keçirilib. Belə ki, Müdafiə Sənayesi Nazirliyi yarandığı zaman respublikamız bu sahə üzrə yalnız Türkiyə Respublikası ilə əməkdaşlıq edirdisə, bu gün aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir.

Artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur.
Ötən ilin aprel ayında Azərbaycanın ilk dəfə olaraq beynəlxalq əhəmiyyətli sərgidə (IDEF-2009) iştirak etməsi respublikanın müdafiə sənayesinin inkişafından xəbər verirdi desək yanılmarıq. Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində yaradılan və istehsal olunan 27 adda müdafiə təyinatlı məmulatla (“İstiqlal” tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar və s.) respublikamızın beynəlxalq sərgidə təmsil olunması qısa müddət ərzində görülmüş işlərin nəticəsidir.
Nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi ildən-ilə artır. 2009-cu ildə bu göstərici əvvəlki illə müqayisədə 4 dəfə artmış, çeşid sayı isə 350-yə çatdırılmışdır. İstehsalı mənimsənilən məhsullar arasında uzaqməsafəli minaatanlar, snayper tüfəngi, əl qumbaraatanı, müxtəlif növ tank əleyhinə minalar, optik nişangahlar, aviasiya təlim bombaları, maskalanma toru, müxtəlif döyüş sursatları və bir sıra digər məmulatlar var.

Hal-hazırda Müdafiə Sənayesi Nazirliyi Cənubi Afrikanın “Paramaund Group” şirkəti ilə “Matador” və “Marauder” tipli zirehli transportyorların birgə istehsalını aparır. Eyni zamanda, nazirliyin müəssisələrində NATO standartlarına uyğun “Zəfər”, “Zəfər-K” və “İnam” tipli müasir tapançalar yaradılmış və istehsalına başlanılmışdır. Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tipli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri həyata keçirilir.

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, hazırda nazirliyin müəssisələrində də müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. İstehsal edilən məhsulların çeşid sayı da ildən-ilə artırılır. Onların sırasına polad panelli radiatorların müasir modelləri, müxtəlif təlim-tədris stendləri, piyadalar üçün yol keçidi, müxtəlif kalibrli ov patronları, pnevmatik tir tüfəngləri, əsgər səhra çadırları, işıqforlar, xəstəxana və hərbi hospitallarda istifadə olunan ortopedik tibb çarpayıları, çoxlaylı çap lövhələri, dəmir torlar, tikanlı məftillər və digər yeni məhsullar daxildir.

(Məqalə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalovun vaxtaşırı yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrə və mətbuatda dərc olunan məqalələrinə istinadən hazırlanıb).


DOSTLARINLA PAYLAŞ:

oyunlar