Müdafiə Nazirliyi Ermənilərin gücə hücumu ilə bağlı açıqlama verdi
22 May 2014 Cümə Axşamı 12:02
Müdafiə Nazirliyi: Yəqin ki, erməni tərəfi qısa müddətdə öz itkiləri barədə məlumat verəcək.
“Silahlı Qüvvələrimiz cəbhənin bütün istiqamətlərində ayıq-sayıqdır və düşmənin hər hansı təxribatının qarşısını almağa hazırdır”.
ANS PRESS-in xəbərinə görə, bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytetnant Vaqif Dərgahlı mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli istiqamətində Azərbaycan postlarından birinə basqına cəhdi ilə bağlı hadisəni şərh edərkən deyib. Onun sözlərinə görə, cəbhə xəttində erməni silahlı birləşmələri tərəfindən mütəmadi olaraq hücum və basqın cəhdləri olur. Ötən gecə isə bu daha ciddi şəkildə olub: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin bu cəhdinin qarşısı dərhal alınıb. Qeyd edim ki, atəşkəs ermənilər tərəfindən tez-tez pozulur və mövqelərimizə ciddi basqın cəhdləri bundan əvvəl də bir neçə dəfə olub. Məsələn, bu ilin yanvar ayında erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin cənub-qərb istiqamətində, Xocavənd rayonunun şərqindən qoşunların təmas xəttini keçmək cəhdi indikindən daha ciddi idi. Budəfəki isə növbəti cəhdlərdən biri idi".
V.Dərgahlı hesab edir ki, erməni silahlı birləşmələri tərəfindən mütəmadi olaraq müxtəlif istiqamətlərdə belə cəhdlərin Azərbaycan tərəfinin sayıqlığını yoxlamaq, qoşunların təmas xəttində boşluqlar tapmaq, taktiki gediş və ya hansısa siyasi oyun məqsədi ilə edildiyi istisna olunmur: "Lakin onlar nə edirlərsə etsinlər, yenə Silahlı Qüvvələrimiz bütün cəbhə boyu öz sayıqlığını itirmirlər, həmişəki kimi düşmənin bütün cəhdlərinin qarşısını almağa hazırdırlar və alırlar da. Buna heç kimin şübhəsi olmasın. Düşmən itkilər verib. Hələlik ermənilər tərəfindən verilən itkinin sayı barədə dəqiq məlumatımız yoxdur, amma dəqiq bilirik ki, bu itkilər var. Yəqin ki, erməni tərəfi qısa müddətdə öz itkiləri barədə məlumat verəcək".
Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, son dəqiqəyədək olan məlumata görə, cəbhənin Füzuli rayonu ərazisində ermənilərin basqına cəhd etdiyi istiqamətdə sakitlikdir, atışma yoxdur. Mövqelərdə də heç bir dəyişiklik baş verməyib: "Hərbçilərimiz ermənilərə müdafiənin ön xəttinə heç yaxınlaşmağa belə imkan verməyiblər. Çünki düşmənin bu basqın cəhdi qabaqcadan aşkar olunub və dərhal da hərbçilərimizin igidliyi və sayıqlığı nəticəsində qarşısı qətiyyətlə alınıb. Atışma zamanı Ordumuzun 3 hərbi qulluqçusu yaralansa da, onların yaraları yüngüldür. Hamsının da vəziyyəti kafi qiymətləndirilir və heç birinin həyatı üçün təhlükə yoxdur".
Qeyd edək ki, mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.
Təxribat zamanı yüngül yaralanmış gizir Məmmədov Murad Asif oğlu, əsgərlər İsaqov Tural Eldar oğlu və Mirzəli Mirzə Asif oğlu hərbi tibb müəssisəsinə yerləşdiriliblər. Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
DOSTLARINLA PAYLAŞ: