Müdafiə nazirinin müavinini iş adamı ilə səhv salıblar
29 Mart 2011 Çərşənbə Axşamı 22:18
DİN Çingiz Məmmədov barəsində yayılan məlumatlara münasibət bildirib.
Daxili İşlər Nazirliyi (DİN) müdafiə nazirinin müavini Çingiz Məmmədov barəsində yayılan məlumatlara münasibət bildirib. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, müdafiə nazirinin müavini Çingiz Məmmədovun evindən guya 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyalarının oğurlanması barədə mətbuatda yayılan informasiyalar həqiqəti özündə əks etdirmir: “Bir mənalı olaraq bildiririk ki, bu, hansısa güvvələrin müdafiə nazirinin müavini Çingiz Məmmədovun nüfuzuna xələl gətirmək məqsədi ilə ortaya atdığı yalan məlumatdır. Məlum hadisədə adı hallanan Çingiz Nəriman oğlu Məmmədov 1969-cu ildə Lerik rayonunda anadan olub. Hazırda Bakının Bakıxanov qəsəbəsində yaşayan Çingiz Nəriman oğlu Məmmədov sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2010-cu il sentyabrın 19-da onun evindən içərisində 250 min manat və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Şaiq Səttarov və Pərvin Məmmədov martın 16-da tutulublar. Sözügedən oğurluq hadisəsinin müdafiə nazirinin müavini Çingiz Məmmədova heç bir aidiyyəti yoxdur. Bu barədə mətbuatda yayılan xəbərlər tamamilə yalan və böhtan xarakteri daşıyır”.
Qeyd edək ki, bir qədər əvvəl Bakıda iş adamının evindən 250 min manat oğurlayan şəxslərin həbs edilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məlumat açıqlanıb. Məlumata görə, 2010-cu il sentyabrın 19-da Bakıxanov qəsəbə sakini Çingiz Məmmədovun evindən eyvandan keçmək yolu ilə içərisində 250 min manat və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Şaiq Səttarov və Pərvin Məmmədov martın 16-da tutulublar. Evi qarət olunan Ç. Məmmədovun Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilib.
Bu gün isə bir sıra mətbuat orqanlarında həmin məlumatda sahibkar kimi təqdim olunan Çingiz Məmmədovun əslində müdafiə nazirinin müavini olduğu yazılıb. O da bildirilib ki, sözügedən qarət zamanı onun evindən 250 min manat deyil, 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyaları aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: