MTN Balakən rayonunda əməliyyata başlayıb
05 Aprel 2010 Bazar Ertəsi 17:45
Əməliyyatın 4-5 gün davam edəcəyi bildirilir
Bu gündən başlayaraq Milli Təhlükəsizlik Nazirliyi Balakən rayonunda genişmiqyaslı əməliyyata başlayıb. ANS PRESS-ə Balakən rayon polis şöbəsindən bu məlumatı təsdiqləyiblər. Məlumata görə, tədbirlər 4-5 gün davam edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl MTN Azərbaycanda terror aktları törətməyi planlaşdıran dəstəni zərərsizləşdirib. Dəstə üzvləri - Azərbaycan vətəndaşları Nuriyev Samir Dadaş oğlu, Muğumov Rafail İbrahim oğlu, Qurbanov Yaşar Spartak oğlu, Namazova Roza Müzəffər qızı, Namazova Xavər Həmzə qızı, Pənahov İsmayıl Novruz oğlu, Pənahova Bella Müzəffər qızı, Rusiya Federasiyasının vətəndaşı Qayrbiyev Elbert Elmirzayeviç bu məqsədlə Gürcüstan ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarda külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları Azərbaycana gətirib.
Bütün faktlar üzrə MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən silah qaçaqmalçılığı), 228.3 və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanılıb. Samir Nuriyev, Rafail Muğumov, Yaşar Qurbanov, Roza Namazova, Xavər Namazova, İsmayıl Pənahov, Bella Pənahova, Elbert Qayrbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində genişmiqyaslı əməliyyatlara start verilib. Ötən gündən başlayaraq MTN-nin xüsusi təyinatlıları Balakən rayonunun Gürcüstanla sərhəd kəndlərində şübhəli şəxslərin mənzillərində axtarışlara başlayıb. İlkin məlumata görə, axtarış zamanı xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Əməliyyatçılar rayonuna giriş-çıxışı da nəzarətə götürüb, rayona daxil olan və çıxan bütün avtomobillər yoxlanılır. Hazırda əməliyyat tədbirləri davam etdirilir.
Mütəşəkkil dəstənin rəhbəri, respublikadan kənarda olduğu ehtimal edilən Aqil Namazov 2010-cu il yanvarın 6-da hazırda şəxsiyyəti istintaqla araşdırılan Camal adlı bir nəfər vasitəsi ilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib.
Aqil Namazov dəstənin üzvü Rəfail Muğumova həmin silah-sursatları, həmçinin partlayıcı maddələri özündə saxlamağı tapşırıb. Aqil Namazov bu işin müqabilində Rəfail Muğumova 500 ABŞ dolları verəcəyini əvvəlcədən vəd edib, sonuncu da bu təkliflə razılaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: