ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ATƏT nümayəndələri monitorinqə yollanmazdan əvvəl Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon İcra Hakimiyyətində olublar.
İcra başçısı Həsən Sarıyev qurum nümayəndələrinə cəbhə xəttindəki vəziyyət barədə məlumat verib. O, erməni əsgərlərinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini mütəmadi olaraq, atəşə məruz qoyduğunu, nəticədə Mili Ordunun əsgərləri arasında yaralanan və şəhid olanların olduğunu qeyd edib.
H.Sarıyev işğal altındakı ərazilərin may ayından başlayaraq yandırıldığını da qeyd edib. "Fevral ayında keçirilən monitorinqdən sonra ermənilər hər gün atəşkəsi pozub. Ancaq onlardan 55-i daha intensiv olub və hər birində atışma ən azı yarım saat davam edib. Ermənilərin işğal altındakı ərzilərdə törətdiyi yanğınlar nəticəsində isə vəhşi heyvanlar, sürünənlər Azərbaycanın nəzarətində olan əraziyə keçiblər".
Bundan sonra ATƏT nümayəndələri azərbaycanlı hərbçilərin müşayiəti ilə monitorinqin keçirildiyi Ağdam rayonunun Əfətli kəndi yaxınlığına yollanıblar. Onların müşahidələri təxminən yarım saat davam edib.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrci Aberle və Piter Ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Caslan Nurtazin və Vladimir Çountulov keçirib./ANS PRESS/