Qoşunların təmas xəttində bu gün keçirilən monitorinq başa çatıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Füzuli rayon İcra Hakimiyyətində cəbhə xətttindəki vəziyyət barədə məlumat alandan sonra Qaraxanbəyli ilə Alxanlı kəndlərinin sərhəddinə gələn ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri ərazidə müşahidələr aparıblar. Monitorinq saat 13-radələrində yekunlaşıb. İlkin məlumata görə, monitoriq zamanı heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrji Aberle və Vladimir Çontulov yerinə yetirib.
Xatırladaq ki, monitorinqin keçirildiyi Alxanlı kəndi ərazisində ermənilər bir necə gün öncə yanğınlar törədiblər. Əhali son anda alovların əkin sahələrinə keçməsinin qarşısını ala bilib. /ANS PRESS/