Ölkə

Milli standartlar Avropa standartları əsasında hazırlanacaq

Azərbaycan Avropa Standartlaşdırma Komitəsinin üzvü seçilib

· Xəbərçi
Milli standartlar Avropa standartları əsasında hazırlanacaq
2010-ci il yanvar ayının 1-dən etibarən Azərbaycan Avropa Standartlaşdırma Komitəsinin (CEN) müşahidəçi üzvü statusuna sahib olur. CEN-in üzvü olaraq bundan sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Avropa standartlarının əldə edilməsi, tətbiqi, Avropa standartları əsasında milli standartların hazırlanması işini həyata keçirəcək və təşkilatın texniki komitələrində iştirak edəcək.

Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, respublikamızın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində ölkədə aparılan iqtisadi islahatlar Avropa və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etməkdədir. Əsas məqsəd Azərbaycanda keyfiyyət infrastrukturunun inkişaf prioritetlərini Avropa Birliyinin bu sahədə olan müvafiq qanunvericiliyinə və ÜTT-nin tələblərinə uyğunlaşdırmaqdır. Görülən işlər Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılmasına, milli sənayenin təşviqinə, yerli istehsalçıların xarici bazarlara çıxışının təmin edilməsinə və texniki maneələrin aradan qaldırılmasına təkan verilib.

Bu istiqamətdə görülən işlər Avropa Standartlaşdırma Komitəsi (CEN) çərçivəsində daha da inkişaf edəcək, təşkilata üzv olmaqla AB-nin texniki tənzimləmə sistemində son nailiyyətlərin əldə edilməsində və müasir keyfiyyət infrastrukturunun ölkəmizdə qurulmasına geniş imkanlar açılacaq.

Qeyd edək ki, Avropa Standartlaşdırma Komitəsi (CEN) 1961-ci ildə yaradılıb. Hazırda təşkilatın 48 üzvü var. Onlardan 30-u tam hüquqlu, 17-si müşahidəçi və 1-i əməkdaş üzvdür. ANSPRESS

Şərhlər