Yeni Azərbaycan Partiyası (YAP) 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı “Qurtuluşdan başlanan yol” mövzusunda konfrans keçirib.
APA-nın məlumatına görə, konfransdan əvvəl iştirakçılar Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Konfransda çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov H. Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi və həmin dövrdə mövcud olan siyasi şəraitdən söhbət açıb. O, H. Əliyevin başladığı yolun bu gün prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.
Baş nazirin birinci müavini Yaqub Eyyubov H. Əliyevin siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, H. Əliyevin Sovet İttifaqında və müstəqil Azərbaycanda gördüyü işlər, ona qarşı olan təzyiqlər barədə geniş danışıb.
Sənaye və energetika naziri Natiq Əliyev isə H. Əliyevin neft strategiyası barədə məruzə edib. O, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının H. Əliyevin ən böyük uğurlarından olduğunu bildirib: “Həmin dövrdə xarici və daxili düşmənlər bunun qarşısını almaq üçün ən müxtəlif yollara əl atdılar. Hətta Heydər Əliyevi fiziki cəhətdən məhv etməyə çalışırdılar. Ölkənin daxilində qiyamlar qaldırdılar. Bəzi xarici qüvvələr bu müqavilənin beynəlxalq səviyyədə tanınmamasına çalışdılar. Amma bunların heç biri nəticə vermədi”.
Konfransda Milli Məclisinin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da çıxış ediblər.
APA