Milli qəhrəmanların ad günüdür
16 Avqust 2011 Çərşənbə Axşamı 10:37
Bu gün Milli qəhrəmanlar Aslan Atakişiyev və İsgəndər Aznaurov dünyaya gəliblər
16 avqust Milli qəhrəmanlar Aslan Atakişiyev və İsgəndər Aznaurovun doğum günüdür. Aslan Qabil oğlu Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlı rayonu Muradxanlı kəndində anadan olub. O, 1992-ci ilin yanvarında Milli Ordu sıralarına daxil olub, leytenant rütbəsi alaraq tabor komandirinin müavini təyin edilib, Laçın rayonunun Səfyan, Mazutlu, Türklər, Fərəcan, Suarası və digər kəndlərinin müdafiəsində mərdliklə vuruşub, Susuzluq yüksəkliyi uğrunda döyüşdə (7 avqust 1992-ci il) son nəfəsinə qədər vuruşub, düşmənin əlinə keçməmək üçün axırıncı gülləni öz ürəyinə sıxıb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

İsgəndər Söhrab oğlu Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində anadan olub, 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycanın Şəmkir rayonu Kür qəsəbəsinə köçüb. O, 1992-ci ilin aprelində könüllü olaraq Milli Ordu sıralarına daxil olub, N saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edilib, baş leytenant kimi Gədəbəy bölgəsində vuruşub, əfsanəvi qəhrəman kimi ad çıxarıb, onun səyi ilə Şınıx istiqamətində düşmən mövqelərinə ağır zərbə vurulub, düşmənin ondan artıq topu sıradan çıxarılıb, Nazdıxanyal döyüşündə əsil qəhrəmanlıq göstərib, şəxsi nümunəsi ilə düşməni geri çəkilməyə məcbur edib, 1993-cü il aprelin 18-də növbəti döyüşlərin birində qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Onun adına Şınıx qəsəbəsində “İsgəndər Qalası” var, Kür qəsəbəsində 1 saylı orta məktəb onun adını daşıyır, məktəbin girişində büstü qoyulub, 2 saylı məktəbdə isə “Xatirə guşəsi” yaradılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar