Milli Qəhrəmanımız Türkiyədə vəfat edib
26 Sentyabr 2009 Şənbə 13:00
43 yaşlı Arif Qubadovun cənazəsi bu gün Vətənə gətiriləcək
Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 43 yaşında Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verdiyi məlumata görə, ağır xəstəlikdən əziyyət çəkən A. Qubadovun xarici ölkədə müalicəsi dövlət tərəfindən təmin edilib. Milli Qəhrəmanın cənazəsi bu gün Vətənə gətiriləcək. Onun harada dəfn ediləcəyi barədə isə hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, A. Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olub. 1984-cü ildə hərbi xidmətə çağırılıb. Ermənilərin torpalaqlarımıza hücum etməsi və işğalçılıq siyasəti onu da bir azərbaycanlı kimi narahat edib və 1992-ci ildən Milli Ordunun sıralarında onun şərəfli döyüş yolu başlayıb. O, Naxçıvanın Sədərək bölgəsində döyüşlərdə iştirak edib. Onun komandirlik etdiyi tağım erməniləri geri oturdub və onlarla erməni qəsbkarlarını məhv etməklə yanaşı, düşmənin çox sayda zirehli texnikasını sıradan çıxarıb. O, 1993-cü ildə Ağdam cəbhəsinə göndərilib. Ələfli, Yusifcanlı kəndləri ermənilərdən onun rəhbərliyi ilə təmizlənib. 1993-cü ilin avqustundan cəsur döyüşçünün sorağı Füzuli cəbhəsindən gəlib. Əhmədbəyli, Aşağı və Yuxarı Kürdmahmudlu,Alxanlı kəndləri şəxsən Arif Qubadovun komandirliyi ilə ermənilərdən azad edilib. 1994-cü ildə Tərtər və Ağdərə rayonlarında da rəşadətlə döyüşüb.
O, 1996-cı ildə Bakı Birləşmiş Komandirlər Məktəbini, 2003-cü ildə isə Azərbaycan Respublikası Sərhəd Qoşunları Akademiyasını bitirib. Dörd övladı var.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Qubadov Arif Vəliş oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Allah rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: