Milli Parkda atraksion və karusellər yenə pulsuz oldu
17 Avqust 2011 Çərşənbə 16:01
Növbəti belə kampaniya sentyabr ayında baş tutacaq
Bakının Dənizkənarı Milli Parkında növbəti dəfə pulsuz atraksion və karusel kampaniyası baş tutub. İyun ayında ilk dəfə baş tutan kampaniya artıq mütəmadi hal alıb.
Bu dəfəki kampaniyada işləyən valideynlərin məzuniyyətdə olması, məktəblilərin isə tətildə olması səbəbindən iştirak edənlərin sayı ötən dəfəkilərlə müqayisədə azalıb. Ayda bir dəfə olmaqla keçirilən aksiyada bu dəfə həm uşaqlar, həm də valideynlər Milli Parkdan razı gediblər. Əvvəlki kampaniyalardan fərqli olaraq bu dəfə valideyn və uşaqların nisbətən anlayışlı rəftarı, bir-birinə hörmətlə yanaşması, nizam-intizam qaydalarına riayət etmələri diqqətdən yayınmayıb.
Dənizkənarı Milli Parkın rəis müavini Nazim Məcidov bu kampaniyadan 15 yaşına qədər uşaqların pulsuz olaraq yararlandığını bildirib. O həmçinin sözlərinə əlavə edib ki, kampaniya yay mövsümüylə məhdudlaşmayacaq və il boyu davam edəcək. Kampaniya qışda şərait və tələbatdan asılı olaraq iki aydan bir həyata keçiriləçək. Növbəti pulsuz atraksion və karusel kampaniyasının sentyabr ayının 15-20-si aralığında keçirilməsi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: