Milli Məclisdə qaz və işıq davası
15 Noyabr 2011 Çərşənbə Axşamı 14:37
Fazil Qəzənfəroğlu: "Azca hava pis keçən kimi elektrik enerjisinin verilməsini dayandırırlar".
Elektrik və istilik xətlərinin yazılı bildiriş olmadan kəsilməsi, təchizatın dayandırılması yolverilməzdir. Lent.az-ın verdiyi məlumata görə, bu müddəa bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı” haqqında qanunlara dəyişikliklə bağlı layihələrdə əksini tapıb.
Layihələr barədə məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bu dəyişikliklərin qəbulunu zəruri sayıb.
Millət vəkili Fazil Qəzənfəroğlu dəyişiklikləri dəstəkləyib: “Ancaq gələcəkdə təchizat məsələsinin keyfiyyəti də diqqət mərkəzində olmalıdır. Azca hava pis keçən kimi elektrik enerjisinin verilməsini dayandırırlar. 3-4 saat elektrik enerjisinin dayandırılması ilə böyük vəsaitlərin silinməsi barədə xəbərlər var”.
Fazil Qəzənfəroğlu gecəqondulara qaz çəkilib, sayğac verildiyi halda, yeni tikilən çoxmərtəbəli binalarda ciddi problemin olduğunu vurğulayıb: “Yeni tikilən binaların təhvil verilmədiyi bəhanə gətirilərək qazdan istifadəyə icazə verilmir. O, binalara köçən ailələr ayda 200-300 manat xərc çəkərək elektrik enerjisi ilə mənzilləri qızdırırlar. Artıq bu sahədə müəyyən addımların atılması gərəkdir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib ki, Şəkinin yalnız 22 faizi qazlaşdırılıb və bu, Azərbaycanın orta göstəricisindən çox aşağıdır. O, Şəkinin kəndlərinin qazlaşdırılmasına başlanılmasını istəyib.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Türkiyədə zəlzələ baş verərkən Azərbaycan hökuməti ilk olaraq yardım göndərib, xilasedicilərimiz böyük qəhrəmanlıq göstəriblər: “Azərbaycan dövləti ikinci dəfə zəlzələ baş verərkən də yardım göstərdi. Ancaq Türkiyədə üçüncü dəfə də zəlzələ baş verib, 40 nəfər həyatını itirib. Biz də maaşımızdan 200 manat Türkiyəyə zəlzələ ilə bağlı yardım etsək, yaxşı olardı. Bu, 25-30 min manat edir”.
Qüdrət Həsənqulyev təzə tikilən çoxmərtəbəli binalara qaz verilməməsinin əsasında rüşvət dayandığını bildirib: “Həmin evləri tikən sahibkarlar deyirlər ki, Bakı Şəhər İcra Hakimiyyəti böyük məbləğdə rüşvət istədiyi üçün binanın təhvil götürülməsi mümkün olmur. Vətəndaş niyə bundan əziyyət çəkməlidir?”
Qüdrət Həsənquliyev qaz təminatında qış rejiminə noyabrın 15-də keçilməsini də düzgün saymayıb. O bildirib ki, bu səbəbdən noyabrın əvvəlində qar yağanda Bakı şəhəri ətrafında milyona yaxın insan elektrik enerjisindən məhrum olub: “Çünki həmin vaxt qaz təchizatında qış rejiminə keçilmədiyi üçün hamı elektrik enerjisindən istifadəyə üstünlük verdi və problem yarandı”.
Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycan dövləti Türkiyəyə yardım edir və bu, hər bir vətəndaşın da yardımıdır: “Ancaq millət vəkillərinin yardım təşəbbüsü varsa, bu da gerçəkləşə bilər”.
Bahar Muradova parlamentdə Bakı Şəhər İcra Hakimiyyətinin çoxmərtəbəli binaların qazlaşdırılması məsələsində rüşvət istəməkdə ittiham olunmasına da reaksiya verib: “Belə fikirlərin parlamentdə səsləndirilməsini doğru saymıram. Sözsüz ki, yeni tikilmiş çoxmərtəbəli binalara qaz verilməsi probleminin həlli istiqamətində müzakirə aparılmalıdır”.
Millət vəkili Fəzail Ağamalı hesab edir ki, qanun layihələrində təklif olunan dəyişikliklər zəruridir və hətta bir qədər gecikib: “Salyan rayonunun Qaradağlı kəndindən çıxan səmt qazını kəndə çatdıran qaz kəməri “Azəriqaz” tərəfindən kəsilib. İcra hakimiyyəti də müraciət edib, ancaq məsələ hələ də həllini tapmayıb. Mən təklif edirəm ki, bu kimi hallara görə cinayət məsuliyyəti müəyyənləşsin”.
Valeh Ələsgərov çıxışlara münasibət bildirərək deyib ki, bu gün rayon icra hakimiyyəti ilə razılaşdırılmadan heç bir idarənin rəisi, şöbə müdiri təyin edilmir. Onun sözlərinə görə, problem varsa, bu, icra başçısının zəifliyindən qaynaqlanır. Valeh Ələsgərov qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarında və qanunlarda istehlakçıların hüquqları geniş şəkildə əksini tapıb: “Əgər çoxmərtəbəli binada mənzil alan şəxs müqavilə bağlayarkən hüququnu bilirsə, tələb edirsə, gələcəkdə belə problemlə üzləşə bilməz. Hər kəs öz hüququnu müvafiq müqavilə bağlamaqla tələb etməlidir. Niyə vətəndaş müqavilədə yazmır ki, çoxmərtəbəli binada mənzilə köçəndə qaz, elektrik və su verməlidir. Qaz qoşuldu, çoxmərtəbəli binada partlayış olsa, kim cavab verəcək?”
Valeh Ələsərov hətta inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda sürətlə qazlaşmanın aparıldığını vurğulayıb: “Bu işləri görməmək düzgün deyil. Əminəm ki, yaxın 1-2 ildə Azərbaycanın 90-92 faiz qazla təmin olunacaq. Həm də bu gün parlamentin iclasında millət vəkilləri verdikləri sualları müvafiq dövlət qurumlarının üzvləri parlamentdə olarkən ünvanlasalar yaxşı olar”.
Valeh Ələsgərov külək və başqa səbəblərdən Bakıda və rayonlarda işığı, qazın kəsilməsini yaxşı hal saymayıb: “Ancaq çox inkişaf etmiş ölkələrdə də belə hal olur”.
Sonda “Elektroenergetiaka haqqında” və “Qaz təchizatı” haqqında qanunlara dəyişikliklə bağlı layihələr səsverməyə çıxarılaraq qəbul edilib.
DOSTLARINLA PAYLAŞ: