Milli Məclis iclasa "Eurovision"la başladı
17 May 2011 Çərşənbə Axşamı 13:01
Oqtay Əsədov: “Görün, Azərbaycan necə məşhur oldu”
Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Əvvəlcə Milli Məclisin spikeri Oqtay Əsədov Eldar və Nigar duetinin “Eurovision 2011” mahnı müsabiqəsində qazandıqları qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, sözügedən duetin qələbəsi bütün Azərbaycan xalqının uğurudur.
“Mən “Google”da statistikaya baxdım və demək istəyirəm ki, görün Azərbaycan necə məşhur oldu, görün son iki gün ərzində nə qədər insan ölkəmiz haqqında informasiyalara baxıb”, - deyə parlamentin spikeri bildirib.
Qeyd edək ki, parlamentin bugünki iclasında iki beynəlxalq sənəd - “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” və “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” sazişlər təsdiqlənəcək.
İclasda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna, Milli Məclisin 1994-cü il 29 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununun tətbiqi haqqında Əsasnamə”yə, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”yə, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, Vergi, İnzibati Prosessual, Əmək və Ailə məcəllələrinə dəyişikliklər ediləcək.
Milli Məclis iqtisadi sahəyə aid olan qanunları da təkmilləşdirəcək. Belə ki, “İcra məmurları haqqında”, “Banklar haqqında”, “İpoteka haqqında”, “İnzibati icraat haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlara da yenidən baxılacaq.
Mədəniyyət sahəsindəki boşluqların aradan qaldırılması məqsədi ilə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə isə “Dövlət qulluğu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər ediləcək, “Sosial xidmət haqqında” qanun layihəsinə birinci oxunuşda münasibət bildiriləcək.
DOSTLARINLA PAYLAŞ: