Milli Məclis Avropa Parlamentinə etiraz məktubu ünvanlayacaq
17 May 2011 Çərşənbə Axşamı 13:05
Oqtay Əsədov: "Azərbaycanın apardığı müstəqil siyasət kimlərinsə xoşuna gəlmir"
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qəbul etdiyi son qətnamə ilə bağlı bu quruma etiraz məktubu göndərəcək. Bu barədə parlamentin spikeri Oqtay Əsədov bildirib.

Etiraz məktubunun hazırlanması üçün Milli Məclisdə komissiya yaradılacağını deyən spiker qeyd edib ki, dünyanın bir çox ölkəsində yüzlərlə insanın hüququ pozulur: “Mitinqlərdə insanlara atəş açılır, onlar atların altına salınır. Lakin həmin ölkələrlə bağlı bir qətnamə belə yoxdur. Azərbaycanda qanunsuz mitinq imitasiyası olmuşdu, dərhal belə bir qərar qəbul edirlər. Azərbaycanı istəməyən qüvvələr ölkənin inkişafını görmür, amma ölkəmizi nüfuzdan salmaq üçün əllərindən gələni edirlər”.

Spiker deyib ki, Azərbaycanın apardığı müstəqil siyasət kimlərinsə xoşuna gəlmir: “Heç kim istəmir ki kiçik dövlət olan Azərbaycan müstəqil siyasət aparsın”.

Daha sonra müraciəti hazırlayacaq komissiya yaradılıb. Vitse-spiker Valeh Ələsgərovun sədrlik edəcəyi komissiyaya Səməd Seyidov, Fərəc Quliyev, Asim Mollazadə, Azay Quliyev, Əli Hüseynli və Aytən Mustafayeva daxildirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar