Milləti uşaq yerinə qoyanlar
06 May 2014 Çərşənbə Axşamı 17:00
Valideynlər uşaq pulu niyə ala bilmir?
Bu ilin yanvar ayında yeni övlad sevincini dadan Babayevlər ailəsi hələ də birdəfəlik uşaq pulu ala bilməyib. Baxmayaraq ki, 5 ay keçib, hələ də ailə tələb olunan sənədləri toplaya bilmir. Bu barədə 30 yaşlı paytaxt sakini Cavid Babayev ANS PRESS-ə etdiyi şikayətdə deyir. Birdəfəlik uşaqpulu verilməsi üçün tələb olunan sənədlər çoxdur. Həmin sənədləri toplamaq üçün gərək ailə başçısı 1 həftə vaxt itirsin.
“Uşaq üçün 82 manat verəcəklər. Lakin o qədər sənəd tələb edirlər ki, adam özü bezir. Yaxşıdır ki, uşaq üçün doğum haqqında şəhadətnaməni “ASAN xidmət”ə veriblər. Onu rahat almışam. Yaxşı olardı ki, uşaq pulunu almaq üçün sənədləri də “ASAN xidmət” alardı”, - deyə Cavid Babayev şikayətlənib.
Bu problemi yaşayan təkcə Cavid Babayev deyil. Onun kimi bir çox vətəndaş birdəfəlik uşaqpulu ala bilmir. Ekspertlər isə bu problemdən çıxış yolunu xidmətin vahid qurum tərəfindən həyata keçirilməsində görür. İqtisadçı ekspert Zahid Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, yaxşı olardı bu sahəni də “ASAN xidmət”ə verəydilər.
“Hazırda yeni doğulanlar üçün birdəfəlik pul Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir. Lakin vətəndaşlar lazım olan sənədləri toplamaq üçün əziyyət çəkir. Yaxşı olardı bu xidməti bir qurum həyata keçirərdi. Oradan lazım olan bütün sənədlər verilərdi. Vətəndaş da, bir yerə gedərdi. Beləliklə də, həm vaxt itkisi aradan qalxardı, həm də vətəndaş əlavə xərclərdən azad olardı”, - deyə Zahid Məmmədov bildirib.
Məsələ ilə bağlı “ASAN xidmət”in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov ANS PRESS-ə açıqlamasında bildirib ki, xidmət yalnız “süd pulu” almaq üçün bir sənəd verir. Əgər gələcəkdə prezident İlham Əliyev sərəncam verərsə, xidmətin “ASAN” tərəfindən keçirilməsi üçün heç bir problem yoxdur.
Hazırda “Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ASAN xidmətləri çərçivəsində 10 dövlət qurumu tərəfindən xidmət göstərilir. Əgər yeni bir fərman olarsa, yeni doğulan uşaqlara süd pulunun da bizim tərəfimizdən verilməsi mümkündür. Burada heç bir problem olmaz”, - deyə Anar Hüseynov bildirib.
Problemlə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fondun mətbuat xidmətinən rəhbəri Emrah Feqanoğlunun ANS PRESS-ə verdiyi məlumata görə, qurum yalnız mövcud qanunları icra edir. Onun sözlərinə görə, hazırda bu proseduranın sadələşdirilməsi üçün qurumun elektron xidməti də fəaliyyətə başlayıb.
“DSMF-nin elektron xidmətləri içərisində hamiləliyə və doğuma görə müavinətlər də var. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib”, - deyə Emrah Feqanoğlu bildirib.
DOSTLARINLA PAYLAŞ: