İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təhsil naziri postuna təyin olunduqdan sonra İçərişəhərdə aparılan təmir-tikinti işləri dayanıb. İçərişəhər sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, ötən ilin oktyabrında təmirə bağlanan Qız Qalasında da işlər dayandırılıb. Üstəlik, ərazidə olarkən qalanın giriş qapısına boş bidon qoyulduğunun şahidi olduq. Qız Qalasından isə bildirdilər ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən aparılan təmir işlərinin nə səbəbdən dayandırıldığı məlum deyil.
Məlumat üçün bildirək ki, Qız Qalasının təmiri və bərpasına dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb. Bərpa işləri Avstriyanın bərpaçı mütəxəssisi Erix Pummerin başçılıq etdiyi “Atelier Erich Pummer” şirkətinə həvalə edilib. Bərpa prosesinin isə 2013-cü ilə qədər bitəcəyi gözlənilirdi.
İçəri şəhər sakinləri həmçinin bildiriblər ki, tarixi qoruqda qala divarlarının bir neçə yerində baş verən dərin çatlar hələ də təmir olunmayıb. Əmələ gələn dərin çatların İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən aşkarlandığı barədə xüsusi elan lövhəsi də vurulub.
İçəri şəhərdə Kiçik Qala küçəsinin sakinləri son günlər tarixi qoruğun ərazisində yeni restoran və kafelərin çoxalmasından şikayətlənirlər.
Sutkada 24 saat fəaliyyət göstərən restoranların fəaliyyəti burada yaşayan sakinləri olduqca narahat edib. Sözügedən küçədə yaşayan Həbib Qurbanov adlı İçərişəhər sakini deyir ki, sürətlə çoxalan restoran və kafelərin gediş-gəliş yollarının üzərində tikilməsi onların avtomobilləri ilə evlərinə gəlməsinə və həmin restoranlardan çıxan tüstü-dumanın hər yeri bürüməsinə səbəb olur: “Dəfələrlə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin keçmiş rəhbəri Mikayıl Cabbarovun qəbulunda olmuşam. Ona bu məsələ ilə bağlı narahatlığımı ifadə etmişəm. Amma, nə fayda? Təsəvvür edin, həmin kafe və restoran sahibləri deyirlər ki, biz lazımı olan yerlərin aylıq “hörmət”ini edirik. Gedin, hara şikayət edirsiniz, edin. Burada qoruq idarəsinin işçilərinin də bir neçə kafesi fəaliyyət göstərir”.
Məsələyə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin münasibətini öyrənmək mümkün olmayıb.