Metyu Brayza Naxçıvan Dövlət Univeristetində olub
22 Aprel 2011 Cümə 14:12
ABŞ səfirinin Naxçıvana rəsmi səfəri davam edir
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Naxçıvana rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Səfir universitetdə 2003-cü ildən fəaliyyət göstərən Ernest Heminquey mərkəzi ilə tanış olub, yazıçı-jurnalistin həyat və fəaliyyətinin, eləcə də Avropa ədəbiyyatının öyrənilməsi ilə bağlı məlumat alıb.

Rektor, akademik İsa Həbibbəyli qonağa Azərbaycanın qədim diyarı, sivilizasiyanın beşiyi olan Naxçıvan və Naxçıvan Dövlət Universiteti haqqında ətraflı məlumat verib. Bildirib ki, Avropa Rektorlar Klubunun, Asiya Universitetləri Assosiasiyasının üzvü olan Naxçıvan Dövlət Universiteti çoxşaxəli beynəlxalq əməkdaşlıqla məşğuldur. Ali təhsil ocağı NATO, BMT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla birgə layihələrin hazırlanması və tətbiqində uğurla iştirak edir.
Rektor universitetin ABŞ-ın Perdu Kalumet Universiteti ilə əlaqələrindən, dünya elm, təhsil sisteminə inteqrasiya istiqamətində perspektiv vəzifələrdən söz açıb.

Metyu Brayza Amerika-Azərbaycan əlaqələrindən danışıb, Azərbaycanın dinamik inkişaf edən, beynəlxalq nüfuza malik bir dövlət olduğunu, təmsil etdiyi ölkənin Azərbaycanla siyasi, iqtisadi tərəfdaşlıqda maraqlı olduğunu vurğulayıb. Görüş zamanı ölkələrin ali təhsil sisteminin müasir səviyyəsi, elmin, təhsilin inkişafında universitetlərarası əlaqələrin rolu, gələcək tərəfdaşlıq məsələləri müzakirə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar