Metroda yeni fırıldaq
01 Oktyabr 2009 Cümə Axşamı 11:25
Sərnişinlər gediş haqqının bahalaşması ilə yanaşı, yeni problemlə qarşılaşıblar
Bakı Metropolitenində gediş haqqı 5 qəpikdən 15 qəpiyə qaldırıldı. Metro istifadəçiləri isə gediş haqqının bahalaşması ilə yanaşı, yeni problemlə qarşılaşıblar. Redaksiyamıza zəng vuraraq şikayətlənən sərnişinlər bildirirlər ki, metroda gediş haqqının artırılmasına baxmayaraq, terminallarda plastik karta ödəmə üsulları əvvəlki kimi qalıb: 20 qəpik, 50 qəpik , 1 AZN və 5 AZN.
Bu isə 20 qəpikdə 5 qəpik, 50 qəpikdə 5 qəpik, 1 manatda 10 qəpik, 5 manatda isə 5 qəpik itki deməkdir. Belə ki, ödəmə terminalları pulun qalıqlarını qaytarmır. Qeyd edək ki, terminallar 20 qəpikdən xırda pul qəbul eləmir. Sərnişinlər pul itkisinə məruz qalmamaq üçün terminala ən azı 60 qəpik daxil etməlidirlər.

Məsələ ilə əlaqədar Bakı Metrpoliteninin mətbuat katibi Nəzakət Teymurova ilə əlaqə saxladıq. N.Teymurovanın sözlərinə görə, metropoliten rəhbərliyi yaranmış problemdən xəbərdardır və bununla bağlı kassalarda müvafiq elanlar asılıb. Belə problemi olan sərnişinlər kassalara yaxınlaşmalı və pullarını xırdalatmalıdırlar. “Kassalarda kifayət qədər xırda pul var və bununla bağlı heç bir narahatçılıq yoxdur”, deyə N. Teymurova qeyd etdi.
Mətbuat katibinin sözlərindən belə nəticəyə gəldik ki, ödəmə terminalında xırda pulu qalan sərnişin, pulunun qalanını kassirdən almalıdır. Bu isə sərnişinlərin işini xeyli çətinləşdirir, kassirlərə isə əlavə iş yaradır.

Ödəmə terminallarının dəyişidirilməsi və yaxud yeni qiymətlərə uyğunlaşdırılması barədə suala cavabında isə N. Teymurova bildirdi ki, bu, nəzərdə tutulmayıb.

Xatırladaq ki, bu cür ödəmə terminalları demək olar ki, bütün metro stansiyalarında quraşdırılıb. Terminallar Ukraynanın Xarkov vilayətindəki “Lot” şirkətindən alınıb. Bu terminalların köməyi ilə sərnişinlər onlarda olan ödəmə kartlarını doldura bilirlər. Hər terminala bir texnik və bir kassir təhkim olunub. Hazırda hər metro stansiyasında sərnişinlərə ən azı 3 kassir xidmət edir.

Qiymətlərin qaldırılması məsələsinə münasibət bildirən N. Teymurova isə bildirdi ki, qiymətlərin qalxması labüd idi. Belə ki, hər bir sərnişinin bir dəfə metrodan istifadə etməsi 60 qəpiyə başa gəlir. Hazırkı qiymət isə bu məbləğdən qat-qat aşağıdır.

N.Teymurova metro rəhbərliyinin qiymətlərin qalxması ilə bağlı Tarif Şurasına nə vaxt müraciət etməsi barədə isə məlumatsız olduğunu bildirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar