Metroda gediş tarifi bəlkə də indikindən 5-6 dəfə yüksək olmalıdır
13 İyul 2011 Çərşənbə 00:50
Biz isə buna heç vaxt getməyəcəyik, çalışmalıyıq ki, nə qədər mümkündür, tarifləri bu səviyyədə saxlayaq.
“Son üç il ərzində Bakıda 3 yeni stansiya istifadəyə verilib. 2015-ci ilə qədər əlavə 6 stansiya istifadəyə veriləcək. Bu, çox müsbət göstəricidir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Onun sözlərinə görə, metro lik növbədə ən ucuz, ən rahat nəqliyyat növüdür: “Biz bunu insanların rahatlığı üçün edirik və dünyada ən aşağı metro tarifləri Azərbaycandadır - 15 qəpikdir. Nə MDB məkanında, nə də dünyanın digər ölkələrində buna bənzər tariflər yoxdur. Metro sırf sosial layihədir və onun öz xərclərini ödəməsi üçün gediş tarifi bəlkə də indikindən 5-6 dəfə yüksək olmalıdır. Biz isə buna heç vaxt getməyəcəyik, çalışmalıyıq ki, nə qədər mümkündür, tarifləri bu səviyyədə saxlayaq. Ancaq onu da demək istəyirəm ki, nə qədər çox stansiya tikilirsə, bir o qədər də xərclər artır. Bizim 22, ondan da az stansiyamız var idi, xərclər də təxminən bir səviyyədə idi. İndi dörd ildə stansiyaların sayı 30-a çatacaq və əlbəttə ki, istismar xərcləri də artacaq. Buna əlbəttə ki, baxacağıq. Ancaq yenə də deyirəm, Azərbaycanda metro tikintisi gedir, tariflər sabitdir və son üç ildə 3 stansiyanın istismara buraxılması artıq onu göstərir ki, bizim kifayət qədər imkanımız vardır. Tunel tikintisi üçün alınmış yeni avadanlıq dünya səviyyəsindədir, dünyada bir nömrəlidir və bizə imkan verəcək ki, bu işləri daha da sürətlə aparaq”.

Prezident bildirib ki, bu ilin altı ayında əhalinin pul gəlirləri 17 faiz artıb, inflyasiya isə 8,8 faizdir. Onun fikrində, real artım yenə də çox böyükdür. Dövlət başçısı deyib ki, büdcəyə edilən dəyişiklik, dürüstləşmə büdcə xərclərini artırır və bu xərclər həm infrastruktur layihələrinə, eyni zamanda sosial məsələlərin həllinə yönəldilir: “900 minə qədər pensiyaçının pensiyası təxminən 40 faiz artacaq. Yəni bu, istər-istəməz inflyasiyaya təkan verə biləcək və mütləq verəcək bir amildir. Vətəndaşların bir neçə kateqoriyasının əməkhaqları qaldırılıbdır. Bu da inflyasiyaya təkan verəcək. Böyük infrastruktur layihələrinin həyata keçirilməsi və bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi istər-istəməz inflyasiyaya gətirib çıxaracaq. Xüsusilə nəzərə alsaq ki, əvvəlki dövrdə bəlkə də, daha çox infrastruktur layihələrinə lazım olan ləvazimat, avadanlıq, materiallar xaricdən gətirilirdisə, indi lazım olan inşaat materialları və digər ləvazimat, avadanlıq yerli sənayenin sürətli inkişafı hesabına Azərbaycanda istehsal olunur. Bu, çox müsbət haldır. Amma eyni zamanda, bu da inflyasiya yaradan amilə çevrilir. Ona görə bütün diqqəti buna yönəltməliyik ki, inflyasiya birrəqəmli səviyyədə qalsın. Belə olarsa, heç bir çətinlik olmayacaq. Nəzərə alsaq ki, iqtisadi inkişaf, xüsusilə qeyri-neft sektorundakı iqtisadi inkişaf kifayət qədər böyükdür”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar