Metroda gediş haqqı 50 qəpik olacaqmı?
28 Mart 2014 Cümə 21:56
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti metropolitendə olan yeniliklərlə bağlı sorğunu cavablandırıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə və struktur layihəsi Nazirlər Kabinetinə təqdim olunandan və prezidentin razılığı alınandan sonra təsdiqlənəcək: “Bu iki ay ərzində “Bakı Metropoliteni”ndə kiminsə işə götürülməsi və işdən azad olunması mümkün deyil. İşdən getmək istəyənlərin məsələsinə belə baxılmır. Nazirlər Kabineti strukturu və nizamnaməni təsdiq etdikdən sonra onların işinə baxıla bilər. Amma hazırda hüquqi cəhətdən bu məsələlərin yerinə yetirilməsi mümkün deyil. Ona görə də metropolitenin bütün işçiləri əvvəlki qaydada fəaliyyətlərini davam etdirirlər. Hələ ki, formalaşma prosesi gedir. Heç kim işdən azad olunmayıb”.
Metropolitenin yeni rəhbərliyinin keçmiş rəis Tağı Əhmədovun maliyyə fəaliyyətini yoxlatdırması haqda xəbərlərə gəlincə, mətbuat xidməti qeyd edib ki, bununla bağlı hər hansı xüsusi yoxlama yoxdur, istər maliyyə fəaliyyəti, istərsə də digər işlərlə bağlı heç bir yoxlama aparılmır.
“Zaur Hüseynovun metropolitenin yeni rəhbəri kimi hansı planları var” sualına mətbuat xidmətindən belə cavab verilib: “Zaur Hüseynovun birinci vəzifəsi prezidentin etimadını doğrultmaqdır. Həmçinin metropoliteni Avropa standartlarına cavab verən səviyyəyə gətirib çıxarmaq, sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir”.
“Bakı Metropoliteni” QSC yaradılandan az sonra metronun bütün stansiyalarının keçidindən ticarət köşkləri yığışdırılıb. “20 Yanvar” stansiyasının keçidində isə ticarət obyektləri saxlanıb. Mətbuat xidməti bununla bağlı qeyd edib ki, metropolitenin balansında olan bütün keçidlərdə ticarət köşkləri yığışdırılıb, “20 Yanvar” stansiyasının keçidi isə digər qurumun balansındadır: “Bu səbəbdən biz həmin keçiddə ticarət köşklərinin yığışdırılmasına müdaxilə edə bilmərik.
Ümumiyyətlə, keçidlərdə ticarət köşklərinin yığışdırılması sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin eləmək üçün atılmış bir addımdır. Bəzi keçidlər var idi ki, orda heç ticarət köşkləri yox idi.
Artıq söküntü işləri aparılmış keçidlərdə təmir-bərpa işlərinə start verilib. Yaxın müddət ərzində təmir işləri yekunlaşacaq. Ümumilikdə isə metropolitendə əsaslı təmir və yenidənqurma işləri aparılacaq”.
“28 May” stansiyasının əsas girişinin və “Avtovağzal” stansiyasının açılışı nə vaxt olacaq? Suala mətbuat xidmətindən belə cavab veriblər: “İstər “Avtovağzal” stansiyasında, istərsə də digər stansiyalarda tikinti işləri qrafikə uyğun olaraq davam etdirilir. Xüsusi avadanlıqlar gəlib və quraşdırılıb. “28 May” stansiyasında xeyli iş yekunlaşıb, yalnız xırda işlər qalıb. İlin sonuna kimi həmin stansiyalar təhvil veriləcək”.
Stansiyalarda və vaqonlarda yerləşdirilmiş reklam monitorlarının yığışdırılmasına gəlincə, mətbuat xidmətindən bildirilib ki, həmin monitorların ləğv olunması haqda xüsusi göstəriş yoxdur: “Zaur müəllim yalnız vaqonlarda təmizlik işlərinin aparılması ilə bağlı tapşırıq verib. Çünki uzun müddətdir vaqonlar təmizlənmədiyindən natəmizlik var. Lazım gəlsə, vaqonlardakı reklamlar da yığışdırıla bilər. Bir neçə ay, hətta bir neçə il əvvəl vurulmuş reklamların vaxtı keçib. Həmin reklamlara nəzarət olunmadığı üçün hələ də qalıb. Hazırda da o reklamlar vaqonlarda xoş olmayan görüntü yaradır”.
Mətbuat xidməti metroda gediş haqqının artırılaraq 50 qəpik olacağı haqda söz-söhbətlərə belə reaksiya verib: “Metroda gediş haqqını Bakı Metropoliteni müəyyənləşdirmir. Qiymət siyasətinə Tarif Şurası baxır. Hər hansı dövlət qurumu qiymətlərlə bağlı şuraya müraciət edəndə baxılıb qərar verilir. Bakı Metropoliteni metroda ediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib”.
Xatırladaq ki, fevralın 27-də prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncamda “Bakı Metropoliteni” QSC-nin nizamnaməsinin və strukturunun 2 ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunması tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: