Metro istifadəçilərinə şad xəbər
08 Avqust 2014 Cümə 10:28
Uzunluğu 7 kilometr olan “Xətai”-“Həzi Aslanov-2” sahəsi 3 stansiyanı əhatə edir.
Bakı Metropoliteninin “Yeni Günəşli”-“Həzi Aslanov-2” və “Xətai”-“Həzi Aslanov-2” xətlərinin inşası yekunlaşdıqdan sonra “Dərnəgül”-“Yeni Günəşli”, həmçinin “Həzi Aslanov”-“İçərişəhər” və “Xətai”-“Dərnəgül” istiqamətində qatarların sərbəst hərəkəti mümkün olacaq.

ANS PRESS-in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri görüləcək işlər nəticəsində həmin istiqamətlərdə sərnişindaşımada yaranan sıxlığın xeyli azalacağını bildirib.

Uzunluğu 7 kilometr olan “Xətai”-“Həzi Aslanov-2” sahəsi 3 stansiyanı əhatə edir. “Dərnəgül”-“Yeni Günəşli” xəttinin uzunluğu isə 11 kilometr olacaq və 16 stansiyanı birləşdirəcək. Bakı Metropoliteninin “Yaşıl xətti”nin “Xətai-Həzi Aslanov-2” layihəsi üzrə tunelin çəkilişinin icraçısı Fransanın “Bouygues Travaux Publics. LLC” şirkətidir. Artıq bu xətt üzərindəki 3 stansiyanın yeri dəqiqləşdirilib, müvafiq təşkilatlarla razılaşdırılaraq texniki pasportlar alınıb. Hazırda tikinti sahəsində infrastrukturun köçürülməsi üzrə tədbirlər görülür.

Hazırda Köhnə Günəşli istiqamətində tunellərin inşası davam etdirilir. Tunellərdən birinin - “Yaşıl xətt”in “Həzi Aslanov” stansiyasının altından keçən hissəsinin tikintisi yekunlaşıb.

Qeyd edək ki, 2030-cu ilədək Bakı Metropoliteninin stansiyalarının sayının 76-ya çatdırılması nəzərdə tutulur. Hazırda 23 stansiyası olan Metropoliten gələcəkdə 5 ayrı xətdən ibarət olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar