Mətbuat Şurası həbsdə olan jurnalistin əfvi ilə bağlı ölkə prezidentinə müraciət edəcək
08 Dekabr 2009 Çərşənbə Axşamı 14:20
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov və qurumun digər təmsilçiləri həbsdə olan jurnalist Müşfiq Hüseynovun səhhəti ilə maraqlanmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində olublar.
Bu barədə APA-ya MŞ sədri Əflatun Amaşov məlumat verib. Ə. Amaşovun sözlərinə görə, M. Hüseynovun saxlanma və müalicə şəraitinə xüsusi diqqət yetirilir: “Əlbəttə, vərəm ciddi xəstəlikdir. Amma müalicə olunandır. Bunun üçün xeyli müddət tələb olunur. Hazırda müalicə prosesi davam edir. Həkimlərin və özünün söylədiyinə görə səhhətində müəyyən irəliləyişlər var. Bəzilərinin dediyi kimi, ölüm ayağında deyil”.

Şura sədri qanunvericilikdə belə xəstələrin istəklərinə müvafiq həkimlə təminatının mümkünlüyünün də əksini tapdığını deyib və bu barədə Müşfiq Hüseynova məlumatın verildiyini vurğulayıb. Ə. Amaşov həmçinin jurnalistin saxlanma şəraitindən, ona göstərilən səhiyyə xidmətindən və həkimlərdən şikayətinin olmadığını da diqqətə çatdırıb.

Şuranın M. Hüseynovun əfvi ilə bağlı dövlət başçısına müraciət unvanlayacağını bildirən MŞ sədri bunun üçün kifayət qədər əsasların mövcud olduğunu deyib: “O, cəzasının yarıya qədərini çəkib. Evdə iki azyaşlı övladı var. Jurnalist özü də bir müddət əvvəl əfv edilməsi ilə bağlı ölkə prezidentinə müraciət ünvanlayıb”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar