“Meşə qardaşları”nın cinayət işi məhkəməyə göndərilib
01 İyun 2009 Bazar Ertəsi 17:05
Dəstə üzvləri silahlı birləşmə yaratmaq, terroçuluq, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə təqsirləndirilir

 

Terrorçuluqda və silahlı birləşmələri yaratmaqda təqsirləndirilən “Meşə qardaşları” silahlı birləşmənin üzvləri barəsində başlanılmış cinayət işinin istintaqı yekunlaşdırılaraq Ağır Cinaytələrə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, cinayət işi üzrə 26 nəfər təqsirləndirilən şəxs var. Bunlar Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Bozorgi Kamran, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, habelə Rusiya vətəndaşı Maqomed İsayev və Türkiyə vətəndaşları Yamin Ali və Özdemir Ergindür.

Cinayət işinin istintaqı MTN-in istintaq idarəsi tərəfindən aparılıb.

Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratmaq), 214-cü (terroçuluq), 120-ci (qəsdən adam öldürmə), 228-ci (qanunsuz silah saxlama, hazırlama), dövlət sərhəddini qanunsuz keçmə, 315-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə), 320-ci (rəsmi sənədləri, dövlət möhürlərini saxtalaşdırma) və digər maddələrlə ittiham irəli sürülüb.

İş məhkəməyə yeni daxil olduğundan hələlik icraata verilməyib.

Qeyd edək ki, 2007-ci ildə MTN tərəfindən Sumqayıtda qrupun 17 nəfər üzvü ("Əbu Cəfər"in qrupu), o cümlədən qrupun liderlərindən biri - Naif Abdulkərim Əl-Bədəvi həbs edilib. MTN tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 2008-ci il avqustun 17-də “Əbu-Bəkr” məscidində partlayış törədilməsində əslən Zaqatala rayonundan olan "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərin əli olduğunu müəyyən edib. Sumqayıt qrupunun üzvlərinin həbsindən sonra Mollaçiyev və Mehdiyev yeni qrup formalaşdırmağı və Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar. Lakin MTN-in keçirdiyi əməliyat nəticəsində 13 nəfər qrup üzvü həbs edilib, onlardan çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemlər, hazırlanma təlimatları, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülüb.
Hazırlanmış plana əsasən "Meşə qardaşları" silahlı birləşməsinə daxil olan "Sumqayıt camaatı" adlı I qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli, "Quba və Qusar camaatı" adlı II qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr yaratmalı idilər.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar