Mərkəzi Neftçilər Xəstəxanasında simpozium keçiriləcək
16 Aprel 2009 Cümə Axşamı 17:55
Simpozium xəstəxananın mərhum baş həkimi Fəxrəddin Cavadovun xatirəsinə həsr olunub

 

Aprelin 17-də Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) bir sıra xarici ölkələrdən dəvət olunmuş yüksək ixtisaslı tibb mütəxəssislərinin iştirakı ilə kardiologiya problemləri mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Xəstəxananın mərhum baş həkimi Fəxrəddin Cavadovun xatirəsinə həsr olunan 2 günlük simpoziumda tanınmış tibb doktorları - Nyu-York Presviterian xəstəxanasının Uell Kornell Tibb Mərkəzinin ürək elektrofiziologiya klinikasının direktor müavini Kennet Stein, Amerika Kardioloqlar Cəmiyyətinin üzvü, Uell Kornell Tibb Kollecinin kardiologiya şöbəsinin baş müəllimi, Nyu-York Presviterian xəstəxanasının İntervension Kardiologiya Laboratoriyasının əməkdaşı Dmitrii Feldman və başqaları geniş mühazirə ilə çıxış edəcək və dinləyiciləri maraqlandıran sualları cavablandıracaqlar.

Tədbirdə qəfləti ürək ölümü, səyrici aritmiyanın diaqnostikası və müalicəsi, bayılma, ürəyin xronik işemik xəstəliyi, intervensiya tələb edən kliniki hadisələr və digər mövzularda fikir mübadiləsi və diskussiyalar aparılacaq. Sonda simpozium iştirakçılarından bir neçəsinə beynəlxalq sertifikatlar təqdim olunacaq./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar