Mərkəzi Bankın yeni binaya köçürülməsinin səbəbləri açıqlandı
21 Yanvar 2011 Cümə 12:00
Bankın yeni inzibati binasının layihələşdirilməsini həyata keçirəcək şirkətin adı məlumdur.
Mərkəzi Bankın yeni inzibati bina kompleksinin inşa edilməsi məqsədilə Heydər Əliyev prospektində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə müvafiq torpaq sahəsi ayrılıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının hazırkı inzibati binası 1998-ci ildə tikilərək istifadəyə verilib. O dövr üçün bina 200 nəfər əməkdaş üçün nəzərdə tutulub.
Bankın məlumatına görə, Mərkəzi Bankın fəaliyyət dairəsi genişlənib, yeni idarəetmə və funksional infrastruktur vahidlərinin yaradılması və inkişafı zərurətə çevrilib. Tədqiqatlar və İnkişaf Mərkəzinin, Kredit Reystri Xidmətinin fəaliyyətə başlaması, Kommunikasiya və Strateji idarəetmə problemləri ilə məşğul olan departamentlərin yaradılması Mərkəzi Bankda yeni idarəetmə vahidlərinin yaranması nümunələrindəndir. Təsadüfi deyil ki, ötən dövr ərzində Mərkəzi Bankın əməkdaşlarının sayı artaraq 500 nəfəri ötüb və bu rəqəmin gələcəkdə daha da artması gözlənilir. Məhz bu səbəblərdən də Mərkəzi Bankın yeni binasının inşa edilməsi zərurəti yaranıb.
Bu məqsədlə araşdırma aparılıb, AMB-nin yeni inzibati binasının inşası üçün bir sıra tanınmış şirkətlər müasir texnologiyaları özündə əks etdirən konsepsiyalar təqdim edib, məşhur Avropa memarlıq şirkətlərinin həyata keçirdiyi layihələr öyrənilib. Araşdırmaların nəticəsi olaraq Mərkəzi Bankın yeni inzibati binasının layihələşdirilməsini həyata keçirmək üçün dünyada məşhur, Avropa Mərkəzi Bankının yeni inzibati binası layihəsini gerçəkləşdirən “COOPHIMMELB (l)AU” Avstriya şirkəti seçilib.
Binanın layihələndirilməsi zamanı müasirlik, xarici görünüşün unikallığı ilə yanaşı, binanın çox mərtəbəliliyi kimi meyarlar rəhbər tutulub. Miqyası sürətlə artan ölkə iqtisadiyyatının nağd pula tələbatı sürətlə artırması nəzərə alınaraq beynəlxalq standartlı “Xəzinə mərkəzi”nin yaradılması layihədə əksini tapır. Eyni zamanda qızıl hasilatının başlanması və onun gələcəkdə artması proqnozları ölkənin qızıl ehtiyatlarınlın saxlancını zəruri edir və bu yeni binada öz həllini tapacaq.
Mərkəzi Bankın dünya təcrübəsinə uyğun idarəetmə və funksionallıq inkişafının 20-25 illik perspektivlər də nəzərə alınmaqla layihədə AMB-nin bütün infrastrukturları, konfrans zalları, müxtəlif növ təlim otaqları, maşın parkinqi, vətəndaşların istifadəsi üçün açıq olan kitabxana və muzey də öz əksini tapıb. Hazırda yeni inzibati bina layihələşmə mərhələsindədir, yekun qərar qəbul edilməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: