Mənalı ömür və ya rəhbərin qəzəbi…
19 Aprel 2011 Çərşənbə Axşamı 12:59
Akademik Ələşrəf Əlizadənin ömür hekayəsindən
O insan xoşbəxtdir ki, özündən sonra həyatda bir iz qoyub gedir. İnsanı yaşadan da elə onun əməlləridir. Əslində, insan ömrünü yazılmayan bir kitaba bənzətmək olar: hər səhifəsi ömrün bir günü, hər ili həmin kitabın bir fəslidir. Elələri var ki, onun ömür yolu cəmi bir neçə səhifəlik kitaba sığar; əlinə alarsan, səhifələri birnəfəsə çevirib kənara qoyarsan. İnsan da var ki, onun həyat yolu cild-cild kitablara sığmaz. Onu vərəqləyib vətən, xalq üçün gördüyü əməllərlə tanış olduqca heyrətə gələrsən. Böyük alim, görkəmli neft kəşfiyyatçısı, xeyirxah insan, akademik Ələşrəf Əlizadənin həyatını məhz belə ömürlərdən saymaq olar...

Deyirlər ki, insanın həyatda intellekt qazanması, cəmiyyətdə yüksək mövqe tutması, mədəniyyəti onun hansı ailədə, hansı nəsildə doğulmasından çox asılıdır. Yəni bir çox amillər insana qandan, gendən gəlir. Ələşrəf müəllim də Azərbaycan elminə alimlər, maarifçilər, diplomatlar vermiş qədim bir nəslin nümayəndəsidir. Onların arasında ən məşhuru - babası, çar sarayının naziri, Rusiyanın Almaniyadakı səfiri, I Dövlət Dumasının üzvü, “Hümmət” partiyasının yaradıcılarından biri, “Əkinçi” qəzetinin fəal müxbiri olmuş Məhəmmədtağı Əlizadədir. O, 1918-ci ildə Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən öldürülüb. Bu barədə bir qədər sonra danışacağıq. Ələşrəf Əlizadə də ailəsinin digər üzvləri kimi ciddi, sanballı təhsil alıb.
Alim, pedaqoq, ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, geologiya-mineralogiya elmləri doktoru, iki dəfə SSRİ dövlət mükafatı və Qubkin adına mükafatın laureatı, SSRİ-nin fəxri neftçisi, Türkmənistanın əməkdar elm xadimi Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə 1911-ci il aprelin 24-də Şamaxı şəhərində dünyaya göz açıb. İnsan taleyi dünyaya gələn gündən müxtəlif olur. O dövrdə bir çoxları kimi doğulandan ehtiyacın qorxunc “ovcuna” düşən balaca Ələşrəf elə körpə yaşlarından bu məhrumiyyətləri özü dəf etməli olur. Bəlkə də bu onun alın yazısıydı. Erkən yaşlarından atasını itirsə də, anası Naib xanım ona həm ata, həm də ana olur, onun mükəmməl təhsil almasına nail olur. İbtidai təhsilini başa vurduqdan sonra Ələşrəf Bakıdakı pedaqoji təmayüllü 18 saylı orta məktəbə daxil olur. Lakin ehtiyac üzündən 14-15 yaşlarından əmək fəaliyyətinə başlayır. Əvvəlcə rus orta məktəbində Azərbaycan dilindən dərs deyir, sonra isə Azərbaycan Dövlət Statistika İdarəsində işləyir. Doğrudan da ən böyük həqiqət - əmək, həyatın ən böyük nəşəsi isə yaradıcılıqdır. Ələşrəf də həyatın çətinliklərinə baş əymədən gərgin əməyi, ən başlıcası isə fitri istedadı, bacarığı, qabiliyyəti sayəsində irəlilədi. İstehsalat, elmi, pedaqoji və ictimai fəaliyyətə çox erkən yaşlarından, hələ M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunun (indiki Neft Akademiyası) geologiya fakültəsində təhsil alarkən başladı. Artıq bu dövrdə, daha dəqiq desək, 1934-cü ildə Dəvəçi rayonunda müstəqil olaraq geoloji xəritələşdirmə işləri aparırdı. Bundan sonra ilk dəfə olaraq həmin zonada neft yataqlarının öyrənilməsi işi başladı. Bu işin öhdəsindən bacarıqla gələn Ələşrəf Əlizadə orada Qaynarca palçıq vulkanını dərindən tədqiq edir. Bu vulkan indi onun adını daşıyır. 1935-ci il martın 14-də həmin mövzuda yazdığı diplom işini müdafiə edir. İnstitutun elmi şurasının qərarı ilə Əlizadənin diplom işi kitab şəklində nəşr olunur. Bu da sonrakı illərdə bir sıra yataqların sənaye yolu ilə işlənməsinin və daha sonra burada neftçıxarmanın əsasını qoydu. 1934-cü ildən 1942-ci ilədək “Azərneftkəşfiyyat” trestində geoloq və müdir işləyir, 1939-cu ilin yanvarından etibarən Azərbaycan Geologiya İdarəsinə rəhbərlik edərək bir çox bölgələrdə geoloji tədqiqat işləri aparır. Bir mütəxəssis kimi geoloji xəritələşdirmə, geokimya, neftin mənşəyi, neft və qazın axtarışı, kəşfiyyatının əsaslandırılması, geodinamika kimi sahələrdə də çalışır.

Ə.Əlizadənin 600-dən çox elmi əsəri, 30 monoqrafiyası ölkəmizdə və həmçinin xaricdə də çap olunub. 1944-cü ildə böyük bir monoqrafiyasını bitirir. Bu əsərə görə ona namizədlik dərəcəsi yox, birbaşa geologiya-mineralogiya elmləri doktoru adı verilib. Təsadüfi deyil ki, akademik Ədhəm Şıxəlibəyli “Ələşrəf Allahın vergisidir! O, təbii qayadır...”, - deyirdi.

Bu böyük insan 1985-ci ildə, Novruz bayramı günündə vəfat edib. Azərbaycan elmi onun yoxluğu ilə böyük bir insanı – alim və akademikini itirib. Bəlkə də hələ çox işlər görəcəkdi, amma yarımçıq qaldı. Onun yarımçıq qalan ömrü kimi...
İnsanı ən yaxşı xatırlayan onun yaxınları olur. Ələşrəf Əlizadənin üç oğlundan yeganə sağ qalanı, Nasim müəllimi redaksiyamıza dəvət etdik.
Qeyd edək ki, ömrünün 30 ilini Vətəndən kənarda yaşayan Nasim Əlizadə atası ilə bağlı maraqlı fikirlər söylədi. Onun dediklərini sizə təqdim edirik:

“1947-ci il martın 11-də Bakıda doğulmuşam. 1965-ci ildə orta məktəbi bitirmişəm. Arzum şərqşünas olmaq idi. Böyük qardaşlarım Xaqanla Sənan atamın sənət yolunu seçdilər. Atam şərqşünas arzusunda olmağımı biləndə dəfələrlə mənimlə söhbətlər aparır, fikrimdən daşındırmağa çalışırdı. Axır ki, atamın təsiri ilə fikrimi dəyişdim və onun yolu ilə gedərək geoloq olmağı qərara aldım. Bu məqsədlə də Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun geologiya fakültəsinə daxil oldum. Hələ orta məktəbdə oxuyarkən atamın şöhrətli alim, akademik olması barədə geniş söhbətlər eşidirdim. Ancaq özünü o qədər sadə, mehriban aparırdı ki, bunların heç birini təsəvvürümə gətirə bilmirdim. Elə ki, institutda oxumağa başladım, atamın necə adlı-sanlı alim olmasının canlı şahidi oldum.

Atam Şamaxıda anadan olub. İki qardaşı - Ağasəməd, Firidun və Qəmər adlı bir bacısı vardı. Atamın babası Məhəmmədtağı Əlizadə çox məşhur adam idi. Rusiyada, Novoaleksandriyada Kənd Təsərrüfatı İnstitutunda, sonra isə Moskvada, Petrov-Razumovski Akademiyasında təhsil alıb. Məhəmmədtağı Akademiyada beş il oxuduqdan sonra bir müddət Peterburq Maliyyə Nazirliyində çalışır. Burada çalışdığı müddətdə Fransa, Almaniya kimi ölkələrə gedir, orada qabaqcıl elmi biliklərə yiyələnir. 1888-ci ildə həmişəlik Şamaxıya gəlir, atasının ticarət işlərinə rəhbərlik edir. Bir müddət Şərq ölkələrinə səyahətə çıxan Məhəmmədtağı Əlizadə 1906-cı ildə Bakı quberniyasından Birinci Dumaya seçilir. Bir neçə il orada deputat olur. Onu da deyim ki, Məhəmmədtağı 8 dil bilirdi. Babam Əbdülhüseyn də müəllim idi, o da təxminən 4 dil bilirdi. Məhəmmədtağıya “rus Məhəmmədtağı” deyərdilər”.

Nasim müəllim, eşitdiyimə görə,18-ci ildə ermənilər Şamaxıya hücum edəndə onların vəhşiliyi sizin də nəsildən yan keçməyib. Doğrudurmu?
-Bəli, doğrudur. Belə ki, ermənilər əhalini qıra-qıra Şamaxıya qədər gəlib çıxırlar. Babamgil var-dövlətlərini qoyub təkcə canlarını götürüb Göyçaya getməyə məcbur olurlar. 2 ay orada yaşadıqdan sonra ulu babam, yəni atamın babası Şamaxıya qayıdır ki, görsün orda vəziyyət necədir. Ermənilər onu tutub başını kəsir və sonra süngüyə keçirirlər. 1-2 həftə keçəndən sonra oğluna, babama deyirlər ki, get gör atan necə oldu? Babam gəlib atasının başının süngüyə keçirildiyini görəndə bu vəhşiliyə dözmür və 2 həftədən sonra vəfat edir. Ermənilər onların nəyi vardısa, hamısını talan edib aparmışdılar. Babamın ailəsi heç nəsiz qalır və məcbur olub Bakıya köçürlər. Bakıda anaları Naib xanımla qalırlar. Atam evdə kiçik uşaq olub. Əmək fəaliyyətinə 12 yaşında başlayıb. Bakıda indiki Rastropoviç küçəsində yaşamışlar. Atamın bacısının 14-15 yaşı olanda Soltan Abbasov adlı bir kişiyə ərə gedir. Həmin şəxs bu ailəyə çox kömək edir. Onların 2 uşağı olur: oğlu Abbas, qızı Aliyə xanım. Sonradan Aliyə tarzən Hacı Məmmədovla ailə qurur.
Atam artıq 16 yaşından məktəblərdə müəllimlik edirdi. 1928-ci ildə 17 yaşı olanda Xızının Zərgərli kəndində məktəb direktoru təyin olunur. Atam bunu həmişə fəxrlə deyərdi. Sonra atam 1930-cu ildə indiki Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə daxil olur, 35-ci ildə oranı bitirir. Oxuduğu müddətdə həm də orada müəllim işləyirdi. Əvvəlcə isə yarım il Tiflisdə Politexnik İnstitutunda oxuyurdu, ancaq maddi çətinlik üzündən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdı. Təhsilini bitirdikdən sonra neft sahəsində geoloq işləməyə başlayır.

Ananızla necə tanış olur?
-Atam anamla 1937-ci ildə tanış olur. O vaxt anam Qəmər xanım Tibb İnstitutunda (indiki Tibb Universiteti) oxuyurdu. İkinci kursda onları Xanlar rayonuna təcrübəyə göndərirlər. Atam da o zonada rəhbərlik etdiyi dəstə ilə dağlarda kəşfiyyat ekspedisiyasında imiş. Orada tanış olur və 1938-ci ildə evlənirlər. 39-cu ildə bacım Rasimə, 41-ci ildə qardaşım Xaqan, 43-cü ildə Sənan, 47-ci ildə isə mən dünyaya gəlirəm.
1941-ci ildə müharibə başlayanda atam Azneftdə işləyir, həm də elmlə məşğul olurdu. O vaxt N.Baybakov Azneft kəşfiyyatının rəhbəri idi. Atam gəlib ona deyir ki, mən müharibəyə gedirəm. Nikolay Baybakov soruşur ki, bəs sənin işinlə kim məşğul olacaq? Atam isə nə olur-olsun gedəcəyini bildirir. Baybakov Mir Cəfər Bağırova zəng edib belə bir peşəkar neftçinin müharibəyə getmək istədiyini deyir. M.J.Bağırov onu getməyə qoymur və yeni vəzifəyə keçirir. 1944-cü ildə isə onu Azərbaycan KP MK-ya ikinci katib təyin edirlər.

Deyilənə görə, onların Mir Cəfər Bağırovla münasibətləri sonradan korlanır. Bu belədir?
-Bəli. Anamın bir ögey bacısı vardı. Onun yoldaşı cəbhədən qayıdır, amma ona iş vermirlər. O da Stalinə məktub yazır ki, bəs burada mənə iş vermirlər, camaat işsiz qalıb və s. Stalin də onun məktubunu Mir Cəfər Bağırova göndərir. Bağırov atamı yanına çağırıb məktubu göstərir. Bağırov bilirdi ki, o adam atamın qohumudur. Halbuki atam heç onun üzünü də görməmişdi. Bağırov atama yalnız bir söz deyir: “Rədd ol, nankor!”. Bu hadisədən sonra nənəmi Sibirə göndərirlər. Atamın qardaşları buradan qaçır. Anamın bütün qohumlarını həbs edirlər. Atamı isə həbs etmir, partiyadan da çıxarmırlar. 1948-ci ildə onu Türkmənistana sürgün edirlər, 54-cü ilə qədər.
Buna baxmayaraq, atam Bağırov haqqında pis danışmazdı. Həmişə deyərdi ki, təmiz adamdı.

Atanızı niyə həbs etmədilər?
-Atam savadlı və işgüzar adam idi. Müharibə vaxtı Bakı şəhər Partiya komitəsinin katibi işləyəndə cəbhəyə neft göndərilməsinə nəzarət edirdi. O dövrdə ona Lenin ordeni, 2 dəfə Stalin mükafatı vermişdilər. Anam danışardı ki, aylarla üzünü görmürdük. Müharibə vaxtı elə kabinetdə yaşayırdı. Həm də elmi iş üzərində işləyirdi. Mir Cəfər Bağırov onun lazımlı adam olduğunu bilirdi. Bir dəfə Bağırov atamı yanına çağırır, deyir ki, “gərək biz öz akademiyamızı təşkil edək, sən mənə onları təyin etməkdə kömək et”. Atam 18 nəfərin adını yazır. Bağırov 4 nəfərin adını siyahıdan çıxarır və atamın da adını oraya əlavə edir. Atamla birlikdə 15 nəfər akademik təyin olunur.

Bildiyimə görə, atanız Heydər Əliyevlə bağ qonşusu olub?
-Bəli, atamla Heydər Əliyev bağ qonşusu idilər. H.Əliyev birinci katib seçiləndən sonra öz bağını qardaşı Cəlal Əliyevə bağışladı. Amma biz çox mehriban qonşular olmuşuq. Hətta anam öz xatirələrində də bunu qeyd edirdi. Bizə danışırdı ki, 1969-cu ilin yayında bağ evində dincəlirdik. Bir gün ailənin yaxın dostu akademik Əhəd Yaqubov bizə qonaq gəldi. O bildirdi ki, Vəli Axundov birinci katiblikdən çıxmaq üçün ərizə verib və tezliklə Azərbaycana təzə rəhbər təyin ediləcək. Ertəsi gün səhər atam anama deyir ki, birinci katib Heydər Əliyevi təyin edəcəklər. Üç gündən sonra eşidirlər ki, doğrudan da Heydər Əliyevi birinci katib təyin ediblər. Anam danışırdı ki, heç bir ay keçmədi, bir də gördük ki, bağların yoluna texnika gətirildi və küçəyə başdan-başa, düz Əliyevin qapısının ağzına kimi asfalt döşəməyə başladılar. Bizim və qonşuların tərəfləri isə necə vardı, eləcə də qaldı. İki gün keçəndən sonra gecə saat 12-də qapımız döyülür. Atam qapını açanda görür ki, Heydər Əliyevlə Zərifə xanımdır. Anam deyirdi ki, biz həm sevindik, həm də təəccübləndik. Heydər Əliyev çox həyəcanla bildirdi ki, məni birinci katib təyin edən kimi bu yaltaqlar ancaq mənim yolumu asfaltlayıblar. Səhəri gün həmin adamlar texnika gətirib, asfaltı söküb yox etdilər.

Atanızın hər hansı bir xəstəliyi vardı?
-Yox. Elə bir ciddi xəstəliyi yox idi. Yalnız təzyiqdən əziyyət çəkirdi. Onun vəfatı da Novruz bayramı gününə təsadüf etdi. Belə ki, atamın qardaşı Ağasəməd xəstəxanada müalicə olunurdu. Atam onun yanına gedir ki, bayramlaşsın. Ancaq elə olur ki, xəstəxananın lifti işləmir. Ona görə də pilləkənləri ayaqla qalxmalı olur. Gəlib qardaşı ilə görüşür və oturan kimi keçinir.

Bəli, əziz oxucu! O yaşadığı kimi də dünyasını dəyişdi: heç kəsə, heç kimə əziyyət vermədən. Bu il 100 yaşı tamam olan görkəmli akademik Ələşrəf Əlizadənin Azərbaycan elminə, neft sənayesinə verdiyi töhfələri onu hər zaman yaşadacaq. Məzarı nurla dolsun!


DOSTLARINLA PAYLAŞ:

oyunlar