Məişətdə dəniz suyundan istifadə olunacaq
19 Yanvar 2010 Çərşənbə Axşamı 13:20
ARDNŞ suyun duzsuzlaşdırılmasını həyata keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi artıq 2010-cu il üçün görəcəyi işləri müəyyənləşdirib. Nazirlik “Ekologiya ili” çərçivəsində 3 milyon ağac əkməklə yanaşı, Abşeron yarımadasının 11 ərazisini də yaşıllaşdıracaq. Bu il istirahət üçün mühüm şəraitin yaradılması planlaşdırılır.
Qeyd edək ki, “Ekologiya ili” ərzində ARDNŞ bir sıra digər mühüm ekoloji tədbirlərin həyata keçirilməsi ilə məşğul olacaq. Bu istiqamətdə istehsal, emal və nəql prosesi zamanı ətraf mühitə təsirin minimuma endirilməsi, ekoloji problemlərin həlli üçün vacib texnologiyaların yeniləşdirilməsi, neftlə çirklənmiş torpaqların təmizlənərək yaşıllaşdırılması kimi layihələr gerçəkləşdiriləcək.
ARDNŞ-in Ekologiya İdarəsinin rəis müavini Cəbrayıl Cəbrayılovun sözlərinə görə, dənizin təkində olan köhnəlmiş metal konstruksiyaların çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi, lay sularının utilizasiyası, atmosferə atılan istilik effekti yaradan qazların azalması istiqamətində layihələr həyata keçiriləcək. Yeni layihələrdən biri də Qala kəndi yaxınlığında Neft-Qaz Çıxarma İdarəsi ərazisində 9,3 hektar sahədə ekoloji parkın salınması olacaq: “Neft Şirkəti rekultivasiya işlərindən sonra orada yaşıllaşdırma işlərinin aparılması üçün ağacların yetişdirilməsi nəzərdə tutulur. Müxtəlif növ, hər hansı ağacların yox, Abşeron iqliminə uyğun , həm də nəsli kəsilməkdə olan “Qırmızı kitab”a düşən bəzi növ ağac, kol-bəzək bitkilərinin yetişdirilməsi nəzərdə tutulur”.
Ekoloji parkda işıqlandırma sistemi üçün günəş, külək enerjisi kimi alternativ enerji mənbələrindən istifadə olunması planlaşdırılır. Ekologiya İdarəsinin rəis müavini C. Cəbrayılovun sözlərinə görə, hazırda inşası aparılan parkın 2010-cu ilin ortalarında istifadəyə veriləcəyi gözlənilir.
Bundan əlavə, Dövlət Neft Şirkəti tullantıların idarə olunmasının yeni sistemini hazırlayır. Eyni zamanda, şirkət dəniz suyunun məişətdə istifadəsi üçün onun duzsuzlaşdırılmasını həyata keçirmək fikrindədir. Bunun üçün xarici ölkələrdən lazımi avadanlıqlar da alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: