Mehriban Əliyeva Svetlana Medvedevanın qonağı olub
17 May 2011 Çərşənbə Axşamı 23:30
Rusiya prezidentinin xanımı Azərbaycanın "Eurovision-2011"də qələbə qazanması münasibəti ilə Azərbaycanın birinci xanımını təbrik edib
Rusiya prezidenti Dmitri Medvedevin xanımı Svetlana Medvedeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Kremldə keçirilən görüşdə Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmağı münasibəti ilə təbrik edib. ANS PRESS-in Rusiyanın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Azərbaycanın birinci xanımı Kreml Sarayında Azərbaycan gecəsinin keçirilməsi üçün Moskvaya gəlib.

Görüş zamanı S.Medvedeva qeyd edib ki, Eldar və Nigarın qələbəsi bir daha sübut edir ki, Azərbaycanın musiqi mədəniyyəti yüksək səviyyədədir. S.Medvedevanın sözlərinə görə, Azərbaycana beynəlxalq aləmdə olduqca böyük maraq yaranıb. Rusiyanın birinci xanımı həmçinin deyib ki, Azərbaycan hökuməti ölkədə yaşayan 130 minlik rus icması üçün əlverişli şərait yaradıb. O, bu istiqamətdə Azərbaycan rəhbərliyinin göstərdiyi səyləri xüsusi qeyd edib. S. Medvedeva həmçinin Azərbaycanda rus dilində təhsil alması üçün onlara yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Rusiya və Azərbaycanın birinci xanımları həmçinin azərbaycanlı tələbələrin Rusiyada təhsil almaq məsələsini də müzakirə edib.

Görüş zamanı Svetlana Medvedeva Rus Pravoslav kilsəsinın Azərbaycandakı fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını xüsusi ilə vurğulayıb.

Svetlana Medvedeva həmçinin Mehriban Əliyevanı Rusiyaya III Beynəlxalq gənc klassik musiqi ifaçılarının "Kremlin parlayan ulduzları” festivalında iştirak etməyə dəvət edib. O bu müsabiqədə Azərbaycan rəssamlarının da iştirak edəcəyinə ümid etdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar