Mədət Quliyev polis forması geyiminə aydınlıq gətirib
30 İyul 2011 Şənbə 21:40
Mədət Quliyev: Ümid edirəm ki, cənab prezident ədliyyə işçilərinin peşə bayramı ərəfəsində tutduğum postda daşıyacağım rütbəni müəyyənləşdirəcək.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevin bu postda ilk dəfə mətbuat qarşısına çıxması suallarsız keçinməyib. Elə təkcə ANS-in “Xəbərçi” proqramına gün ərzində onlarla zəng daxil olub ki, burada da tamaşaçılar bizi Mədət Quliyevin köhnə müsahibəsini efirə verməkdə qınayıblar. Tamaşaçıları belə düşünməyə vadar edən səbəb isə çox sadədir.
Penitensiar Xidmətin rəisi müsahibə verərkən əvvəllər geyindiyi polis formasındadır. Biz isə hörmətli tamaşaçılarımıza yanlışlığa yol vermədiymizi çatdırır və bildiririk ki, Mədət Quliyevin müsahibəsi heç də köhnə deyil və xidmət rəisi müsahibəni elə polis general-mayoru formasında verib.
Bu gün ANS Mədət Quliyevlə əlaqə saxlayıb və o, yaranmış suala belə aydınlıq gətirib. Penitensiar Xidmətin rəisi deyib ki, o, vəzifəyə 2011-ci il fevral ayının 15-də təyin olunub: “Bu zaman həmin postda mənə veriləcək ədliyyə rütbəsi haqda heç bir məlumat göstərilməyib. Ona görə də Ədliyyə Nazirliyi rəhbərliyinin icazəsi ilə hələlik bu formanı daşıyıram. Ümid edirəm ki, cənab prezident ədliyyə işçilərinin peşə bayramı ərəfəsində tutduğum postda daşıyacağım rütbəni müəyyənləşdirəcək və mən polis general-mayoru formasını müvafiq geyimə dəyişəcəyəm”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: