Mədəniyyət və Turizm Nazirliyindən telekanallara xəbərdarlıq
02 Aprel 2011 Şənbə 03:14
Nazir müavini: “Filmlərin dünya ekranlarında nümayişindən dərhal sonra televiziya kanallarında göstərilməsi ciddi qanun pozuntusudur”
Mədəniyyət və Turizm Nazirliyində dövlət və özəl televiziya kanallarının kinoproqram departamentlərinin rəhbərləri ilə görüş keçirilib. ANS PRESS-in nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, nazir müavini Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşdə nazirliyin kinematoqrafiya şöbəsinin əməkdaşları da iştirak ediblər. Görüşdə televiziya kanallarında nümayiş etdirilən filmlərin Dövlət reyestrində qeydə alınması, eyni zamanda, xarici filmlərin tərcüməsi, səsləndirilməsi və Azərbaycan dilinin normalarının qorunması sahəsində mövcud vəziyyət ciddi müzakirə olunub.

Ədalət Vəliyev telekanallarda göstərilən filmlərin bəzi hallarda qeydə alınmadan və müvafiq yayım vəsiqəsi əldə etmədən efirə çıxarılmasının yolverilməz olduğunu bildirmiş və televiziya kanallarının təmsilçilərinə iradını çatdırıb.

Müzakirələrdə bildirilib ki, bəzən filmlərin dünya ekranlarında nümayişindən dərhal sonra televiziya kanallarında göstərilməsi ciddi qanun pozuntusudur. Belə hallar qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, ölkəmizin Dünya Ticarət Təşkilatına üzvlüyü yolunda da ciddi maneədir. Xarici filmlərin tərcüməsi və dublyajında ciddi qüsurların mövcudluğunun tamaşaçıların haqlı narazılığına səbəb olduğu bildirilib. Bu məsələyə diqqətin artırılmasının vacibliyi xüsusi vurğulanıb, bu işə peşəkar tərcüməçilərin, aktyorların cəlb olunması tövsiyə edilib.

Görüşdə televiziya kanallarının müzakirə olunan məsələlərlə əlaqədar nazirliyin müvafiq strukturları ilə daha sıx əməkdaşlıq etməsi barədə razılıq əldə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar