Məcburi köçkünlər işıq davası edir
07 Dekabr 2009 Bazar Ertəsi 16:50
Məcburi köçkünlər işıq davası edir. Sakinlər smart tipli elektrik sayğaclarının qoyulmasına etiraz edir.
Bərdənin Lək kəndi ərazisində məcburi köçkünlərlə rayon paylayıcı elektrik şəbəkəsi arasında münaqişə yaranıb. Buna səbəb, köçkünlərin yaşadığı əraziyə smart tipli elektrik sayğaclarının qoyulmasıdır.
Qeyd edək ki, məcburi köçkünlər əsasən çiy kərpicdən və qarğıdan tikilən evlərdə yaşayır. Evlərin əksəriyyətinin döşəməsi torpaqdır. Sakinlər deyir ki, evləri qış aylarında əsasən elektrik sobaları ilə qızdırırlar. Ancaq yeni tipli sayğaclar qoyulduqdan sonra onlara ayrılan limit evləri qızdırmaq üçün yetərli deyil.

Məcburi köçkünlər deyir ki, etiraz etdikləri üçün onlara elektrik enerjisinin verilməsi dayandırılıb. Onların sözlərinə görə, yerli əhalidən əvvəl köçkün abonentlərin yeni tipli sayğaclarla təmin olunmasını da başa düşmək mümkün deyil.
Etirazçılar deyir ki, yeganə gəlir mənbələri pensiya və müavinətləri çörək puludur. Həmin vəsait də ailələrin yalnız ərzaq ehtiyacına sərf olunur. Qış aylarında evləri isitmək məqsədiylə verilən yanacaq yardımı isə 10 günə kifayət edir.
Bərdə paylayıcı elektrik şəbəkəsinin rəisi Rza Səmədov isə köçkünlərin elektrik enerjisindən israfçılıqla istifadə etdiyini, yeni tipli sayğaclar quraşdırıldıqdan sonra isə köçkünlər limitdən artıq sərf etdiyi enerjini özləri ödəyəcəkləri üçün etiraz etdiklərini deyir: “Bu da onunla əlaqədardır ki, qaçqın abonentlər qış aylarında limitdən 5-10 dəfə artıq elektrik enerjisindən istifadə edir. Buna görə də, smart kart tipli sayğacların qoyulmasına etiraz edirlər. Ancaq biz sayğacları qoyacağıq. Hər bir adambaşına 150 kilovatsaat enerji verilir. Bu gün respublika ərazisində yerli əhalinin adambaşına sərfiyyatı 120 kilovatsaatdır”.
R. Səmədov bildirib ki, köçkün abonentlərə sayğaclar Dövlət Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin vəsaiti hesabına quraşdırılır.
Şəbəkədən verilən məlumata görə, bu gündən köçkünlərin yaşadığı ərazidə yeni elektrik dirəklərinin basdırılmasına başlanıb və ailələr sayğacların quraşdırılmasına razılaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar