Azərbaycanda 70 beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir, çoxlu sayda beynəlxalq humanitar təşkilat isə Azərbaycanda dövlət qeydiyyatına düşmək üçün növbəyə dayanıb.
APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Bunu Azərbaycanda beynəlxalq humanitar təşkilatların fəaliyyətinə yaradılmış münbit şəraitlə əlaqələndirən Ə. Həsənovun sözlərinə görə, həmin təşkilatların ayırdıqları vəsaitə Azərbaycan hökumətinin zəmanəti var, ayrılan vəsaitlər hədəfə çatdırılır.
«Belə olmasaydı, heç bir beynəlxalq təşkilat qətiyyən Azərbaycanın öz qaçqın və məcburi köçkünlərini təmin etdiyi vaxtda Azərbaycana gəlməzdi», - deyə Ə. Həsənov vurğulayıb.
O, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin növbəti illərdə də davam etdiriləcəyini söyləyib.
Komitə sədrinin sözlərinə görə, bu il Ramanıda 70 mənzildən ibarət beşmərtəbəli bina, Qəbələdə 2 beşmərtəbəli bina, Goranboyda 3 beşmərtəbəli bina, Yevlaxda 10 beşmərtəbəli bina (612 mənzildən ibarət), Ağdamda 689 mənzildən ibarət qəsəbə istifadəyə verilib. Gələn il isə Mingəçevir şəhərində, Ağcabədidə, Goranboyda məcburi köçkünlərin mənzillərlə təmin edilməsi istiqamətində işlər aparılacaq. Həmçinin Bakı şəhərində yataqxanalarda, eləcə də respublika ərazisində məktəblərdə və hərbi hissələrdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq: “Məktəblər və hərbi hissələrlə yanaşı, fin qəsəbələri də köçürüləcək. Artıq 2 fin qəsəbəsini köçürmüşük, 13-ü isə qalır”.
Ə. Həsənov bu günədək 100 min qaçqın və məcburi köçkünün (11 min qaçqın, 89 min məcburi köçkün) yeni mənzillərə köçürüldüyünü deyib: “400 minə yaxın məcburi köçkün isə hələ də həyat şəraiti ağır yerlərdə yaşayır. Bu proses tədricən davam edəcək”.