Maliyyə naziri bu il kimlərin maaşlarının artırılacağını açıqladı
13 Aprel 2011 Çərşənbə 00:34
Məcburi köçkünlərə verilən yemək xərci, şəhid ailəsi və müharibə əlilləri üçün təqaüdlər, digər sosial ödəniş və müavinətlər də artırılacaq
Maliyyə Nazirliyi tərəfindən əlaqədar dövlət qurumları ilə birlikdə dövlət və icmal büdcələrinin dəqiqləşdirilməsi işlərinə başlanılıb. Bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında deyib. Onun sözlərinə görə, dövlət büdcəsinin əlavə gəlirləri hesabına əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, əmək haqlarının artımının həyata keçirilməsi nəzərdə tutulur: “Bu artım dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının artımına imkan verəcək. Dəqiqləşmə zamanı zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına görə, müharibə veteranlarına verilən müavinətlərin, məcburi köçkünlərə verilən yemək xərcinin, şəhid ailəsi və müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və digər sosial ödənişlərin və müavinətlərin artırılması təmin ediləcək”.
Bundan əlavə, nazir bildirib ki, gənc nəslin aparıcı qüvvələrindən olan ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması nəzərdə tutulur. Bütövlükdə qeyd edilən sosial müdafiə tədbirləri təxminən 3,0 milyon nəfərdən çox şəxsə şamil ediləcək: “Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə stimul olaraq cənab Prezident tərəfindən içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə əhalinin 2011-ci il 1 fevral tarixinə qədər yığılıb qalmış 294,2 milyon manat məbləğində borcu silinib. Bununla əlaqədar, dövlət büdcəsində də müəyyən dəqiqləşmələr aparılacaq. Əhalinin sosial müdafiəsində xüsusi əhəmiyyət kəsb edən bir sıra sosial və infrastruktur layihələrin maliyyə təminatı üçün də dövlət büdcəsinin dəqiqləşməsi nəticəsində formalaşacaq əlavə gəlirlərdən vəsait ayrılacaq”. Nazirin sözlərinə görə, öncə bu mənbədən qəza vəziyyətində olan bir sıra məktəblərdə əsaslı təmir, tikinti və bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsinə, tələbələr üçün müasir yataqxanaların tikintisinə vəsait ayrılacaq: “Respublikanın şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi və bu işlərin sürətləndirilməsi, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidənqurulmasına vəsaitin ayrılması da dəqiqləşmə zamanı diqqətdən kənarda qalmayacaq. Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi və yeni proqramın hazırlanması, o cümlədən Bakı kəndlərinin yollarının tikintisi, respublikanın digər regionlarında kəndlərarası yolların tikintisi və əsaslı təmiri üçün də nəzərəçarpacaq məbləğdə vəsait ayrılacaq”.
Maliyyə naziri deyib ki, hazırda həyata keçirilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanın nəqliyyat sisteminin, o cümlədən quru və dəniz nəqliyyatı sisteminin tranzit potensialının artırılmasını şərtləndiriləcək. Onun sözlərinə görə, Prezidentin tapşırığına uyğun olaraq, Ələt qəsəbəsində dünya standartlarına uyğun beynəlxalq dəniz limanının tikintisinə başlanması üçün vəsait ayrılıb və dəqiqləşmə zamanı əlavə vəsaitin də ayrılması nəzərdə tutulur: “Bütövlükdə 2011-ci il dövlət və icmal büdcələrində aparılan dəqiqləşdirmə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadiyyatın stimullaşdırılması, 2012-ci il və sonrakı üç ildə dövlət və icmal büdcələri üçün daha böyük bazanın yaradılması yolunda öz müsbət rolunu oynayacaq”.
DOSTLARINLA PAYLAŞ: