Lütfi Zadə ad günü keçirməyi sevmir
04 Fevral 2011 Cümə 14:20
"Lütfi Zadə ilə həyat yoldaşının bir-birinə baxmağını görmək lazımdır"
Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlist məntiq nəzəriyyəsinin ixtiraçısı, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadənin 90 yaşı tamam olur. Dahi azərbaycanlıdan iki dəfə müsahibə alan jurnalist Mir Şahin alimlə bağlı təəssüratlarını ANS PRESS-lə bölüşüb.
-Necə oldu ki, Lütfi Zadə ilə görüşdünüz?
-Azərbaycan vətəndaşı olaraq bu səviyyədə, bu miqyasda adamları tapmaq bizim borcumuzdur. Lütfi Zadənin Azərbaycan üçün etdikləri, dünyanın tərkibində olan azərbaycanlılar üçün etdiklərindən bəlkə də azdır. Yəni Lütfi Zadə tək azərbaycanlılar üçün deyil, bütün dünya əhalisi üçün böyük işlər görüb. Bu üzdən bizim onlunla görüşümüz, onun etdiklərinə rəğmən bir borc idi.
Mən onunla iki dəfə görüşmüşəm. Birinci dəfə görüşümüz Amerikada, sonrakı görüşümüz isə o, Bakıya gələrkən baş tutdu. İkinci dəfə onunla Bakıda görüşdüm, Bakının küçələrini də gəzdik. Aramızda xoş münasibət yaranıb. Elə bir bayram olmur ki, mən Lütfi Zadəyə zəng vurub, ANS-in kollektivi adından onu təbrik etməyim. Çünki bu bizim vətəndaşlıq borcumuzdur. Bilirsiniz, bizdə bir söz var, deyirlər, Vətən əzizdir, Vətən sevimlidir, Vətən qiymətlidir. Niyə görə? Yalnız ona görə ki, orada yaşayırıq. Vətən ona görə əzizdir, ona görə sevimli və qiymətlidir ki, onun belə adamları var. Bu baxımdan, Bakıya səfəri zamanı onunla bərabər maşında şəhəri gəzdik.
Qlobal krizislə bağlı Lütfi Zadənin fikirlərini öyrənmək istədim. Onun proqnozlarının həyata keçdiyi müddət mənə göstərdi ki, Lütfi Zadə həm də gözəl, düzgün proqnoz verməyi bacarır. O, Bakıda olanda proqnoz vermişdi ki, irəliləyiş təxminən 2 ildən sonra başlayacaq. Və ABŞ-ın maliyyə departamenti 2-3 gün bundan əvvəl açıqladı ki, dünyada qlobal iqtisadi krizisin fəsadları azalmağa başlayır. Daha doğrusu qlobal böhranın dayanma tempi gözləniləndən daha sürətli gedir. Yəni Lütfi Zadənin dedikləri baş verir.
Mən Amerikada olanda Lütfi Zadənin 2 cəhətini aydın gördüm. Birinci, onun elmə münasibəti, ikincisi onun həyat yoldaşına münasibəti seçilirdi. Bəlkə də o çoxlarının qavramadığı, bizə yad olan xüsusiyyətdir. Lütfi Zadə deyirdi ki, mən həyat yoldaşımı “boy friend”inin əlindən almışam. O, bunu qənimət kimi, məqsədinin əldə etməyin çətinliyini mənə çatdırmaqdan ötrü belə bir ifadə işlətdi.
-Xanımı ilə də görüşdünüzmü?
-Bəli, evlərində də qonaq oldum. Çay da içdik. Lütfi Zadənin həyat yoldaşı çox ünsiyyətcil xanımdır. Aydın hiss olunur ki, Lütfi Zadəni çox sevir. Lütfi Zadə ABŞ-dan Bakıya gələndə, mən Hava Limanında onların telefonda danışığını təşkil etdim. Lütfi Zadə xanımı ilə 17-18 yaşlı yeniyetmə kimi danışırdı. Ona sevgisini çatdırırdı. Mən elə adamlara yalnız Azərbaycan vətəndaşı kimi baxmıram. Ümumiyyətlə, dünyada bir neçə belə şəxs var, onları yalnız bir millətə aid etmək olmaz. Mənə elə gəlir ki, Lütfi Zadəyə həmyerli deməklə biz təkcə onu azərbaycanlı kimi qəbul etməməliyik. Yer kürəsində yaşayan dahi həmyerlimiz kimi qiymətləndirməliyik. Düşünürəm ki, Lütfi Zadəni dünyanın istənilən xalqı, amerikalı, iranlı, türk, argentinalı da özünün həmyerlisi saya bilər. Mən Lütfi Zadəni dünyanın hər bir vətəndaşına necə yaxın olduğunu müşahidə etmişəm. Onun ailəsində faciə də olub. Onun cavan qızı vəfat edib. İnsan belə bir faciə yaşayıb. Lakin öz həyat yoldaşı ilə bu acını heç kimə biruzə vermədən yaşayır. Yeri gəlmişkən, Lütfi Zadə ad günü keçirməyi sevmir.
-Sizcə bu nə ilə əlaqədardır?
-Ad günü adı gələndə tez nəzərdən qorunmaq üçün əli ilə yeri taqqıldadır. İnsanlarda əlamətlərə inanmaq olur axı. Bilirsiniz, Lütfi Zadənin qəribə bir xüsysiyyəti var. Mən onunla Amerikada görüşəndə Buş hakimiyyətdə idi. Lütfi Zadənin Buşa münasibəti bəlli idi. O, Buşu sevmirdi. Birmənalı şəkildə deyirdi ki, Buş getməlidir. Onun siyasətini qəbul etmirdi. O danışanda, yoldaşı da azərbaycanlı ailələrinə xas tərzdə çalışırdı ki, Lütfi Zadəni sakitləşdirsin. Lütfi Zadə Buşun siyasətini pisləyirdi, deyirdi ki: “Əfqanıstanda övladlarımız ölür” və s. Bunlar haqqında danışırdı. Arabir də danışanda ora-bura baxırdı ki, bəlkə kimsə qulaq asır. Xüsusilə məni orada müşayiət edən adamlar olanda, bir az ehtiyyat edirdi. Lakin mən və operatorumuz Ramin Yaqubovdan başqa kimsə olmayanda rahat danışırdı. Amma digər adam olanda açıq-saçıq danışmırdı. Onun siyasəti də sağlam opponent siyasətidir. Biz o zaman bilirdik ki, Lütfi Zadə Obamanı Buşdan daha çox qiymətləndirir.
-Sizin Lütfi Zadə ilə Bakıda görüşünüz çox səmimi alınmışdı. Çünki, o sizi artıq Amerikadakı görüşdən tanıyırdı. Bəs birinci dəfə onunla Amerikada görüşəndə Lütfi Zadə sizi necə qarşıladı?
-Ümumiyyətlə onun azərbaycanlılara qarşı münasibəti çox istidir. Təkcə mənə qarşı yox, Azərbaycandan kim gəlir, ona qarşı gözəl münasibət bəsləyir. Bilirəm ki, mənim görüşümdən sonra, başqaları da onunla görüşə getmişdi. Onlarla da səmimi görüşmüşdü. Amerikada azərbaycanlı tələbələr var. Onların hamısı Lütfi Zadəni babaları, ataları kimi çox istəyir.
Lütfi Zadənin otağı məndə qəribə bir təəssürat yaratdı. Təxminən 5 kvadratmetr ərazidə kitablar, qovluqlar, müxtəlif kağızlar qoyulub. Qapını açırsan, Lütfi Zadə qapıdan yarım metr qabaqda oturub. Lütfi Zadənin qapısının üstündə onun adı yazılıb. Adının yanında onun zarafatyana çəkilmiş şarjı asılıb. Bu artıq insanı onunla görüşə hazırlayır. Burada onun nə qədər səmimi, söhbətcil və sadə adam olduğu görünür. Yəni Lütfi Zadə o qədər sadədir ki, bunu onun şarjından qəbul edirsən. Təsəvvür edin ki, Azərbaycanda bu miqyasda adam var və sən onunla görüşə gedirsən. Qapıda səni onun şəkli qarşılayır. Düzdür, müxtəlif sahələrdə alimlərimiz var. Amma etiraf edək ki, onlar Lütfi Zadə deyil. Azərbaycanda Lütfi Zadədən qat-qat miqyas etibarı ilə, intellektual göstəricilər və inteılektual qazanc etibarilə seçilə bilən adamları göz qabağına gətirək. Belə vəziyyətdə o dəqiqə fikirə otaqda bir neçə telefon, katibə və s. amillər gəlir. Amma Lütfi Zadənin otağı balaca bir köşkdür. İçəri girirsən, otaqda kitablar, qovluqlar əlindən yer yoxdur.
Evində də elə idi. Mənzilində zirzəmiyə düşdük. Biz ona verilən hədiyyələrə baxmaq istəyirdik. Zirzəmi çox qaranlıq idi və orada çoxlu kağız, sənəd, kitab vardı. Hətta mən təəccüblənirəm ki, o lazım olan sənədləri necə tapır? Amma Lütfi Zadənin ona lazım olanı qarışıqlıqda rahat və tez tapdığının şahidi oldum.
-Lütfi Zadədə azərbaycanlıya xas olan hansı keyfiyyətlər gördünüz?
-Bilirsiniz, bu genlə-qanla gələn bir şeydir. Onun qonaqpərvərliyini, qonağa canıyananlığı azərbaycanlıya xas olan əlamətlərdəndir. Onun lətifə sevməyi var. Bizim Mais Məmmədov (əməkdar jurnalist) müəllim kimi çox yaxşı lətifələri var. Oturub saatlarla danışmasa da, yeri gələndə lətifə danışır. Lütfi Zadənin qonşulara münasibəti də çox maraqlıdır. Onda Azərbaycan xalqına xas olan qonşunu sevmək xasiyyəti var. ABŞ-da, onun qaldığı balaca qəsəbədə Lütfi Zadə qədər qonşular haqqında müsbət fikir söyləyən adam yoxdur. O, qonşuları çox tərifləyir. Elə bil ki, Yardımlının hansısa kəndində qonşumuz haqqında danışıram. Lütfi Zadə qonşuları haqqında belə danışır. Ailəcanlılığı da azərbaycanlıya xas olan keyfiyyətlərdən biridir. Lütfi Zadə ilə həyat yoldaşının bir-birinə baxmağını görmək lazımdır.
-Hər bir dünya şəxsiyyətdə, fenomendə qəribə xarakter olur. Lütfi Zadədə belə bir cəhət hiss etdinizmi?
-Mən onda qəribə xasiyyət hiss etmədim. Bilirsiniz, belə insanlar çox danışmağı sevməlidirlər. Amma o çox danışmağı sevmir. Lakin onda hansısa qəribə xüsusiyyət hiss edilmir. Bəlkə də, bunu hiss etmək üçün, ən azından Lütfi Zadə səviyyəsində olmaq lazımdır.
DOSTLARINLA PAYLAŞ: