Londondan Bakıya yeni taksilər gətirilir
30 Aprel 2011 Şənbə 02:44
İngiltərədə qiyməti 28 995 - 30 995 avro olan bu taksilər may-iyun aylarında əhalinin istifadəsinə veriləcək.
Bakı şəhərində taksi xidmətinin müasir standartlar səviyyəsində təşkilinin təmin olunması üçün Nəqliyyat Nazirliyi müvafiq tədbirlər həyata keçirir. AzərTAc xəbər verir ki, bu tədbirlər çərçivəsində yaxın günlərdə ölkəmizə taksi fəaliyyətinin daha da təkmilləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üçün 100 avtomobil gətiriləcək. Bakı şəhərində sərnişindaşımanın keyfiyyətini artırmaq və taksi parkının yeniləşməsinə kömək etmək məqsədi ilə London Taksi Şirkəti ilə imzalanan müqaviləyə əsasən şirkət “Bakı Taksi Compani” Məhdud Məsuliyyətli Cəmiyyətinə müasir tələblərə cavab verən 1000 “TX4” markalı avtomobil satacaq.
“Azərnəqliyyatservis” Açıq Səhmdar Cəmiyyətinin xidmət rəisi Rauf Orucov bildirib ki, artıq 100 taksi sifarişçinin ünvanına göndərilmişdir. May-iyun aylarında bu taksilər əhalinin istifadəsinə veriləcək.
ANS PRESS-in məlumatına görə, London Taksi Şirkətinin internet saytında hazırda iki növ “TX4” markalı avtomobillər təqdim olunur. “Seyle” model taksilərin qiyməti 28 min 995 avro, “Elegance” modelinin qiyməti isə 30 min 995 avrodur. Hər iki modelin həm mexaniki, həm də avtomat transmissiyaları mövcuddur. Avtomat transmissiyalı avtomobillər digərlərindən 2000 avro bahadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: