Litva Prezidenti Heydər Əliyev Fondunda olub
03 May 2011 Çərşənbə Axşamı 00:34
Dalya Qribauskayte Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb
Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte Azərbaycana rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunda olub. Litva dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ali qonağa Fondun məqsədi və fəaliyyəti barədə məlumat veriblər.Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Litva Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.

Fondla tanışlıq zamanı Prezident Dalya Qribauskayteyə məlumat verilib ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

Prezident Dalya Qribauskayte Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar