Lerikdə bütün televiziya kanallarının yayımı dayanıb
05 Yanvar 2010 Çərşənbə Axşamı 12:05
Lerikdə bütün televiziya kanallarının yayımı dayanıb. Buna səbəb güclü küləyin teleötürücünün fəaliyyətinə ziyan vurmasıdır.
Üç gün əvvəl əsən güclü küləyin ölkənin cənub rayonlarında yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb. ANS PRESS-in Lənkəran bürosunun məlumatına görə, ən böyük ziyan elektrik təsərrüfatına dəyib ki, bu da öz növbəsində ciddi problemlər yaradıb.

Hazırda ən böyük çətinlik Lerik rayonunda yaşanır. “Azərenerji”nin bölgəyə ezam olunmuş briqadası dünəndən işlərə başlasa da, şiddətli külək bərpa işlərinə mane olub. Bu gün səhər saatlarından isə rayona güclü qar yağmağa başlayıb. Hələlik rayon mərkəzində qarın hündürlüyü 3-5 santimetrə çatır.
Qeyd edək ki, elektrik enerjisinin olmaması üzündən teleötürücü də işləmir və bölgəyə bütün televiziya və radio kanallarının yayımı dayanıb.

Yardımlı rayonu da demək olar ki, işıqsızdır. Şəhər mərkəzinin bir hissəsinə axşam saatlarında işıq verilsə də, bütün kəndlərdə enerji təminatı bərpa edilməyib. Xatırladaq ki, güclü qasırğadan sonra Yardımlıda 200-dən artıq elektrik dirəyi aşıb, yüzlərlə fərdi evin, 22 məktəbin dam örtüyü dağılıb. Zerin kəndində 3 ev uçub, 2 ev isə qəzalı vəziyyətdədir. Bir nəfər kənd sakini uçqun altında qalaraq yüngül xəsarət alıb.

Qasırğanın enerji təsərrüfatını iflic vəziyyətə saldığı Astarada da anooloji vəziyyət yaranıb. Yalnız şəhər mərkəzinin bir hissəsi, həyati əhəmiyyətli obyektlər elektrik enerjisiylə təmin olunub.

Lənkəran və Masallının kəndlərində isə enerjinin verilməsində böyük fasilələr var. Bu rayonlarda yollar təmizlənib, təbii fəlakətin fəsadları müəyyən dərəcədə aradan qaldırılsa da, ictimai binalara, sosial obyektlərə, fərdi evlərə dəyən ziyanı tam aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin yardımını gözləyirlər. Hazırda bölgənin bütün rayonlarında yağış yağır, səhər saatlarında isə yenidən güclü külək müşahidə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar